Azərbaycan vətəndaşlığına 58 nəfər qəbul olunub

Daxili siyasət
  • 30 mart, 2018
  • 08:48
Azərbaycan vətəndaşlığına 58 nəfər qəbul olunub

Bakı. 30 mart. REPORT.AZ/ Azәrbaycanın vәtәndaşlığına qәbul vә bәrpa edilmiş şәxslәrin martın 29-da Dövlәt Miqrasiya Xidmәtindә tәntәnәli andiçmә mәrasimi keçirilib.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. 

DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov bildirib ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli fərmanına əsasən, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək də bilavasitə DMX-nın vəzifəsi kimi müəyyən olunub.

Tədbirdə Azәrbaycanda son illәrdә hәyata keçirilәn islahatlar nәticәsindә әldә edilәn uğurlardan, beynәlxalq birliyin bәrabәrhüquqlu subyekti kimi sabitliyin yüksәk sәviyyәdә tәmin edildiyi, multikultural dәyәrlәrin hakim olduğu, tolerantlıq nümunәsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi vә mәdәni mühitinә verdiyi töhfәlәrdәn danışılıb. Azәrbaycanda yaşamaq, işlәmәk, tәhsil almaq, xüsusilә respublikamızın vәtәndaşı olmaq istәyәnlәrin sayının ildәn-ilә artdığı qeyd olunub.

Vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı ölkәmizdә görülmüş işlәrә dә nәzәr salınıb. Təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.

Sonra vәtәndaşlığa qәbul edilmiş 58 və bərpa olunmuş 2 şәxs dövlәt bayrağı önündә Azәrbaycan Respublikasının Konstitusiyasına әl basaraq Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr.

Tәdbir Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə yekunlaşıb.

44 - Tezliklə