Yaroslav Kovalçuk: "Azərbaycan şirkətləri Belarus Birjasında birbaşa ticarət edə biləcəklər" - MÜSAHİBƏ

Biznes
  • 20 oktyabr, 2025
  • 15:12
Yaroslav Kovalçuk: Azərbaycan şirkətləri Belarus Birjasında birbaşa ticarət edə biləcəklər - MÜSAHİBƏ

Azərbaycan və Belarus sənaye, kənd təsərrüfatı, ticarət və investisiyalar kimi bir çox sahələrdə əməkdaşlığı gücləndirir, eləcə də iqtisadi qarşılıqlı fəaliyyətin davamlı dinamikasını qoruyub saxlayır. Belarus Universal Əmtəə Birjası (BUƏB) ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi üçün səmərəli platformalardan biri olub və artıq qarşılıqlı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi bu birja vasitəsilə həyata keçirilir.

Son illərdə Azərbaycan birja ticarətində Belarusun əsas tərəfdaş ölkələri sırasında inamla yer alır və hər iki tərəfdən biznesin yeni əməkdaşlıq formalarına marağı artmaqda davam edir. Getdikcə daha çox Azərbaycan şirkəti Belarus birjasında ticarətə qoşulur, Belarus müəssisələri isə Azərbaycan bazarını fəal şəkildə araşdıraraq ağac emalı və kənd təsərrüfatı məhsullarını təklif edir.

BUƏB-in Xarici İqtisadi Fəaliyyət İdarəsinin rəisi Yaroslav Kovalçuk "Report"a müsahibəsində iki ölkə arasında birja ticarətinin dinamikası, Azərbaycan istehsalçılarının birjaya birbaşa çıxış perspektivləri və qarşılıqlı ticarət dövriyyəsinin genişləndirilməsi üçün yeni imkanlar barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Hazırda Belarus Universal Əmtəə Birjasında neçə Azərbaycan şirkəti qeydiyyatdan keçib və iki ölkə arasında birja ticarətinin həcmi nə qədərdir?

- Hazırda birjamızda Azərbaycandan 176 təsərrüfat subyekti akkreditasiyadan keçib, onlardan 38-i bu il qoşulub. Azərbaycan şirkətlərinin bir çoxu ticarətdə fəal iştirak edir və Belarusun taxta-şalban məhsullarının əsas alıcılarıdır.

Bu gün Azərbaycan birjada fəallığına görə aparıcı ölkələrin beşliyində yer alır. Birinci yerdə Rusiya, sonra Çin, Özbəkistan, Azərbaycan və Polşa gəlir.

Həcmlərə gəlincə, 2024-2025-ci illərdə birja vasitəsilə Azərbaycanla ticarət dövriyyəsi 175 milyon ABŞ dolları təşkil edib və bu gün yalnız Belarus məhsullarının ixracından ibarətdir. İxracda taxta-şalban məhsulları əsas paya (171,9 milyon ABŞ dolları) malikdir, qalan hissə isə Belarus istehsalı olan quru süd, kərə yağı, ət məhsulları və ağ kristal şəkərin ixracının payına düşür.

Qeyd edim ki, Belarusun kənd təsərrüfatı məhsulları istehsalçılarının BUƏM mexanizmləri vasitəsilə Azərbaycan bazarına daxil olmasında müsbət dinamika müşahidə olunur. Əgər 2024-cü ildə kənd təsərrüfatı məhsullarının payı birja ixracının təxminən 1 %-ni təşkil edirdisə, hazırda bu göstərici 3 %-dən çoxdur. Bu, təkcə payın deyil, həm də tədarüklərin real həcminin artdığını göstərir.

Ümumilikdə, cari ilin statistikasına görə, Belarus və Azərbaycan arasındakı ümumi ticarət dövriyyəsinin təxminən 22 %-i birja əqdlərinin payına düşür.

- Azərbaycan şirkətlərinin məhsulları Belarus Universal Əmtəə Birjasında birbaşa, yoxsa digər ölkələrdən olan vasitəçilərin iştirakı ilə satılır?

- Artıq qeyd etdiyim kimi, ölkələrimiz arasında birja ticarət dövriyyəsinin əsas hissəsi hələlik Belarus məhsullarının ixracından ibarətdir. Bunun səbəblərindən biri Azərbaycan istehsalçılarının BUƏB vasitəsilə işləmək imkanları və ticarətin sadələşdirilməsi üçün təklif etdiyimiz mexanizmlər haqqında az məlumatlı olmasıdır.

Hazırda Azərbaycan müəssisələrinin məhsulları, təəssüf ki, həm belaruslu, həm də xarici vasitəçilər vasitəsilə birjaya daxil olur. Belə məhsullar arasında iplik parçalar, xam parça, alüminium lent və bentonit tozunu qeyd etmək olar. 2024-2025-ci illərdə vasitəçilərin iştirakı ilə satılan Azərbaycan məhsullarının dəyəri təxminən 1,4 milyon ABŞ dolları təşkil edib.

Bu əqdlər haqqında məlumatları artıq Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) göndərmişik. Bundan əlavə, analoji məlumatlar istehsalçıların özlərinə də təqdim olunacaq ki, onlar öz məhsullarının satış miqyasını qiymətləndirə və birjaya birbaşa çıxışla bağlı qərar qəbul edə bilsinlər. Ümid edirik ki, bu, onların ticarətdə iştirakına təkan verəcək.

Vurğulamaq istəyirəm ki, birjamız dövlət təşkilatıdır və onun fəaliyyəti kommersiya gəlirindən daha çox dövlət tapşırıqlarının yerinə yetirilməsinə, xüsusən də daxili bazarın tələbatın yüksək olduğu məhsullarla təmin edilməsinə yönəlib.

Məlum olduğu kimi, Azərbaycan neft-qaz ölkəsidir və neft məhsulları Belarus bazarında maraq doğurur. Azərbaycandan olan tədarükçülərin belə məhsulları birbaşa bizim hərraclarda təklif etməsi üçün böyük potensial görürük. Təklif olunan Azərbaycan məhsullarının çeşidi nə qədər geniş olarsa, bu, hər iki tərəf üçün bir o qədər faydalı olacaq.

Biz öz tərəfimizdən Azərbaycan şirkətlərinin iştirakını mümkün qədər asanlaşdırmağa - hər bir müştərini bütün mərhələlərdə müşayiət etməyə, akkreditasiya, təlim, lotların rəsmiləşdirilməsi və əqdlərdə iştirak məsələlərində dəstək verməyə hazırıq. Eyni zamanda, birja əqdlərində iştirakın bütün mərhələləri pulsuzdur: akkreditasiya, iştirak təlimi, proqram təminatından istifadə, əqdlərdə iştirak, eləcə də qarşılıqlı hesablaşma zamanı birjanın subhesablarından istifadə. Birja rüsumu yalnız birjada əqd bağlandığı zaman tutulur və orta hesabla cəmi 0,2 % təşkil edir.

Lakin bəzi hallarda rüsum dərəcəsi daha da aşağıdır. Məsələn, birja vasitəsilə Belarus süd məhsullarının azərbaycanlı alıcıları bağlanmış birja əqdinin məbləğindən asılı olmayaraq cəmi 0,5 manat (0,3 ABŞ dolları) ödəyirlər.

- Belarus və Azərbaycan arasında birja sahəsində əməkdaşlığın potensialı tam reallaşdırılıbmı? Mal nomenklaturasının şaxələndirilməsi sizin üçün nə dərəcədə prioritetdir?

- Şübhəsiz ki, biz Azərbaycan və Belarus arasında qarşılıqlı ticarətdə Belarus Universal Əmtəə Birjasının mexanizmlərindən istifadənin dinamikasından məmnunuq. Azərbaycan biznesinin və tərəfdaş təşkilatların platformamıza və əməkdaşlıq imkanlarına davamlı marağını müşahidə edirik.

Bakıda keçirilən 30-cu yubiley "Baku Build-2025" sərgisində iştirakımız çərçivəsində AZPROMO, KOBİA və bir sıra özəl şirkətlərin nümayəndələri ilə məhsuldar görüşlər keçirdik. Bu maraq bizim üçün son dərəcə vacib və ilhamvericidir. Bununla yanaşı, gələcək inkişaf üçün hələ də böyük potensial var və ümid edirik ki, belə tədbirlərdə iştirakımız bunu tam həcmdə reallaşdırmağa kömək edəcək.

Bu gün bizim vəzifəmiz təkcə Belarus taxta-şalban məhsullarının Azərbaycan bazarına tədarük həcmini artırmaq deyil, həm də ixrac nomenklaturasını şaxələndirməkdir. Bundan başqa, Belarus Metallurgiya Zavodunun məhsullarının (armatur, katanka, dairəvi çubuqlar, məftil və s.) Azərbaycan bazarında mövcudluğunu genişləndirməyi planlaşdırırıq. Artıq sərginin iki günü ərzində Azərbaycan iş adamlarının bu məhsullara son dərəcə böyük marağının şahidi olduq.

Belarus ət məhsullarının tədarükü sahəsində perspektivləri ayrıca qeyd etmək istəyirəm. Belarus bütün dini və mədəni ənənələrə hörmətlə yanaşan çoxmillətli ölkədir. Bununla əlaqədar olaraq bir çox müəssisələrimiz beynəlxalq "Halal" sertifikatına malikdir ki, bu da ixrac üçün geniş imkanlar açır. Biz artıq Azərbaycan bazarına halal ət məhsulları tədarük edirik və ixrac həcmini əhəmiyyətli dərəcədə artırmağa hazırıq.

- Bu ilin may ayında keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsində BUƏB-in Azərbaycandakı ilk brokerinə - "SƏMA-ZT" MMC-yə akkreditasiya sertifikatı təqdim olunub. İki ölkə arasında ticarət həcmlərinin artırılmasında birja brokerlərinin rolu nədən ibarətdir?

- Bəli, Azərbaycanda ilk akkreditə olunmuş birja brokerinin yaranması həqiqətən də əlamətdar hadisə oldu. Buna çox şadıq, çünki brokerlər birja bazarının peşəkar iştirakçılarıdır və Azərbaycan şirkətlərinin Belarus ticarət platformasına daha asan və səmərəli şəkildə çıxmasına kömək edir.

Bundan əlavə, kiçik bir sirri açmaq istəyirəm: bu yaxınlarda ikinci Azərbaycan brokerinin daxili akkreditasiya mərhələsi başa çatıb və o, bu həftə rəsmi qaydada işə başlayacaq. Beləliklə, Azərbaycanda Belarus Universal Əmtəə Birjasının akkreditasiyadan keçmiş iki brokeri fəaliyyət göstərəcək.

Biz brokerlərlə əməkdaşlığa xüsusi diqqət yetiririk, çünki məhz onlar xarici bazarlarda yerli tərəfdaşlarımız və bələdçilərimizdir. Bu gün bizim kifayət qədər geniş broker şəbəkəmiz var və biz onu fəal şəkildə genişləndirmək niyyətindəyik.

Artmaqda olan birja ticarəti dövriyyəsini və Azərbaycan biznesinin bizim alətlərimizə yüksək marağını nəzərə alaraq əminliklə deyə bilərik ki, Azərbaycan brokerlərinin sayı çoxalacaq və bununla birlikdə ölkələrimiz arasında ümumi ticarət həcmi də artacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti