Azər Əmiraslanov: "Mikromaliyyənin əhəmiyyəti kredit bazarındakı payından böyükdür"
- 28 oktyabr, 2026
- 10:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Mikromaliyyənin əhəmiyyəti kredit bazarındakı payından böyükdür.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" Konfransında bildirib.
Onun sözlərinə görə, mikromaliyyə şəbəkəsinin missiyası özünəməxsusdur: "Əsas vəzifə mikromaliyyə birliyinin və onun müştərilərinin mənafelərini təmin etməkdir. Mikromaliyyə institutlarının gücləndirilməsi hər zaman aktualdır. Mikromaliyyə qədər çoxşaxəli təsir imkanlarına malik ikinci bir kredit institutu bəlkə də yoxdur. Kredit portfelində payı azdır, təqdim olunan məlumatlara görə, 6 % təşkil edir. Lakin təsiri əhəmiyyətlidir. 6 %-lik pay ilk baxışda böyük görünməyə bilər. Ancaq mikromaliyyənin əhəmiyyəti onun ümumi kredit bazarındakı nominal payından daha böyükdür".
"Bank olmayan kredit təşkilatları bir qayda olaraq, bank maliyyələşməsinə çıxışı daha məhdud olan mikrosahibkarlara, fərdi sahibkarlara, kənd təsərrüfatı subyektlərinə, özünüməşğul şəxslərə və regionlarda yaşayan müştərilərə xidmət göstərirlər. Buna görə də onların iqtisadi rolunu yalnız kredit portfelindəki payı ilə ölçmək düzgün olmaz. Mikromaliyyənin dəyəri təkcə ayrılan vəsaitin məbləği ilə deyil, həm də həmin vəsaitin yaratdığı iqtisadi və sosial nəticələrlə ölçülməlidir. Etiraf etmək lazımdır ki, bəzən yüz minlərlə, hətta milyonlarla manatlıq vəsait belə insanların həyatını bu dərəcədə dəyişməyə bilər. Lakin 25 min manat həddində ayrılan mikrokredit vətəndaşın, kiçik sahibkarın və fermerin həyatını köklü şəkildə, müsbət mənada dəyişə bilər. Mikrokreditlərin vətəndaşların həyatını dəyişmək imkanlarını hər zaman nəzərə almalıyıq. Mikromaliyyələşmə dayanıqlı inkişafa xidmət etdiyi kimi, özü də dayanıqlı olmalıdır", - deyə Komitə sədri əlavə edib.
Bundan başqa, o deyib ki, mikromaliyyə sektorunun iqtisadi artımdakı rolu artırılmalıdır: "Mikromaliyyələşmə sisteminə sadəcə maliyyə sektorunun bir sahəsi və ya seqmenti kimi baxılmamalıdır. Bu gün mikrokreditlər mexanizmi vasitəsilə dövlətin sosial-iqtisadi sahədə mühüm strateji vəzifələri həyata keçirilir. Bəs bu vəzifələr hansılardır? Birincisi, davamlı və dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Dayanıqlı iqtisadi artım iqtisadiyyatın şaxələndirilməsini, bu isə maliyyə mənbələrinin diversifikasiyasını və mikromaliyyə sektorunun iqtisadi artımda rolunun yüksəldilməsini tələb edir. İkincisi, orta təbəqənin inkişafıdır. Cəmiyyətin sosial strukturunda bu inkişaf meyillərinin dərinləşdirilməsi strateji əhəmiyyət daşıyır. Çünki bu, dayanıqlı inkişafa töhfə verir. Üçüncüsü, maliyyə bazarlarının dərinləşdirilməsi və cəmiyyətdə maliyyə inklüzivliyinin, o cümlədən sahibkarların maliyyə resurslarına çıxışının təmin edilməsidir. Bu vəzifələrin hər biri sahibkarlıq potensialının reallaşdırılmasına xidmət edir. Dördüncüsü, özünüməşğulluğun təşviqi, sosial bərabərsizliyin və yoxsulluğun azaldılmasıdır. Mikromaliyyə institutları bu vəzifələrin hər ikisinin həyata keçirilməsi üçün çevik və təsirli mexanizmlərdən biridir. Beşinci strateji vəzifə regionların və kənd yerlərinin sosial-iqtisadi inkişafının təmin edilməsidir. Mikromaliyyələşmə regional iqtisadi siyasətin mühüm maliyyə alətlərindən biri kimi çıxış edir".