Xamis Seyranov: "Azərbaycanda daha 8 laboratoriya qurulacaq"
- 22 oktyabr, 2025
- 15:56

Azərbaycanda 20 yeni laboratoriya şəbəkəsinin qurulması, 7-nin isə təkmilləşdirilməsi nəzərdə tutulur.
Bunu "Report"a müsahibəsində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov deyib.
Onun sözlərinə görə, 2024-cü ildə həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə 5 laboratoriya istifadəyə verilib:
"Bu il sentyabrın 10-da isə daha 7 laboratoriya – fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənməsi və ilkin nəmlik ölçmələri laboratoriyaları fəaliyyətə başlayıb. Bundan əlavə, 2026-cı ildə daha 8 laboratoriyanın qurulması planlaşdırılır".
X. Seyranov qeyd edib ki, yeni yaradılan laboratoriyalar sənaye, səhiyyə, qida təhlükəsizliyi, aviasiya və ekologiya sahələrində istifadə olunan ölçmə vasitələrinin daha dəqiq və təhlükəsiz istifadəsinə mühüm töhfə verəcək:
"Bu laboratoriyalarda işıq şiddəti, işıqlanma, işıq seli, dalğa uzunluğu, uzunluq və bucaq ölçmələri, sərtlik və qüvvə ölçmə vasitələrinin kalibrlənməsi ilə yanaşı, elektromaqnit çirklənməsi və nəmlik səviyyəsinin dəqiq ölçülməsi həyata keçiriləcək".
O əlavə edib ki, bu infrastruktur ölkədə ölçmə və kalibrlənmə imkanlarının genişləndirilməsinə, beynəlxalq izlənilmə zəncirinin təmin edilməsinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, həmçinin elmi-tədqiqat və istehsal proseslərində dəqiqliyin artırılmasına şərait yaradacaq.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.