Ötən il AHİK 5 minə yaxın insanın iş şəratini yaxşılaşdırıb
- 19 iyul, 2018
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 iyul. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) texniki əmək müfəttişləri 587 müəssisə və təşkilatda müayinə işi aparıb, 3 191 pozuntu aşkar edib, onların 92,2%-nin aradan qaldırılmasına nail olublar.
"Report" xəbər verir ki, bunu AHİK-in sədri Səttar Möhbalıyev bildirib.
Onun sözlərinə görə, nəticədə 319 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 4 760 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Yoxlanan müəssisələrdə aparılan işlər hər on iki nəfərdən bir işçinin əmək şəraitinin təhlükəsizliyini artırmış və risk faktorunu azaldıb.
"Görülən bütün bu işlər əmək kollektivlərinin hər bir üzvündə sosial müdafiəyə və iş yerində xəstəlik və xəsarət almayacağına əminlik yaradır" - deyə o qeyd edib.
S.Möhbalıyevin sözlərinə görə, ötən il həmkarlar ittifaqlarının fəaliyyət dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda xəsarət alanların sayı 28,4% (95 hadisəyə qarşı 68 hadisə), istehsalat xəsarətindən ölənlərin sayı isə 36,7% (49 nəfərə qarşı 31 nəfər) azalıb.
Respublika üzrə isə istehsalat xəsarəti alanların sayı 26,9% (249 nəfərə qarşı 182 nəfər), istehsalat qəzasından ölənlərin sayı isə 27,4% (84 nəfərə qarşı 61 nəfər) azalıb.
Cari ilin altı ayında ötən ilin dövrü ilə müqayisədə həmkarlar ittifaqının əhatə dairəsində olan müəssisələrdə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 2,5 dəfə (15 nəfərə qarşı 6 nəfər) azalıb. Respublika üzrə bu göstərici 42,8% azalaraq 35 nəfərə qarşı 20 nəfər olub.
Təkcə 2017-ci ildə ölümlə nəticələnmiş istehsalat xəsarətlərinin 40,6%-i təlimat və qaydalara əməl edilməməsi, 21,6%-i təhlükəsizlik qaydalarının pozulması, 5,4%-i işin düzgün təşkil olunmaması, işə rəhbərlik və nəzarətin olmaması, 2,7%-i maşın və mexanizmlərdən istifadə qaydalarının pozulması səbəbindən baş verib.
Araşdırma aparılarkən gənc işçilərin xəsarət alma hallarına xüsusi diqqət yetirilib. Belə ki, 2017-ci ildə istehsalat xəsarəti nəticəsində 15-30 yaş arası 2, son 5 ilin nəticələrinə görə isə 21 gənc işçi itirilib ki, bu da xəsarət nəticəsində həlak olan 186 nəfərin 11,3%-ni təşkil edir.
"Hamıya məlumdur ki, hər bir işçi işə öz ailə-məişət və sosial-iqtisadi problemləri ilə gəlir. İş əsnasında istehsalatla bağlı problemlər də ortaya çıxdıqda gənc işçilər daha dözümsüz və həssas olurlar, bu da onların sağlamlığına və təhlükəsizliyinə zərər vurur. 2017-ci ildə 21 763 işçini, o cümlədən 4 305 qadın işçini əhatə edən 48 müəssisə və təşkilatlarda həmkarlar ittifaqları komitələri, əməyin mühafizəsi üzrə komissiyaları və müvəkkilləri nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil ediblər", - deyə o, bildirib.
S.Möhbalıyev həmçinin deyib ki, rəhbərlik etdiyi qurumun və üzv təşkilatların əməyin texniki müfəttişləri tərəfindən 2017-ci ildə müsabiqəyə qoşulmuş təşkilatlarda 922 yoxlama-nəzarət işləri həyata keçirilib. İdarə və müəssisələrin rəhbərliyi ilə birgə aparılan bu yoxlamalarda 544 pozuntu halı qeydə alınmış və onlar aradan qaldırılıb. Əmək şəraitinin yaxşılaşdırılmasına yönəlmiş 434 göstəriş və tələblərin 94%-dən çoxu yerinə yetirilib. Bununla da 48 müəssisədən 35-də işçilər zərərli iş şəraitindən çıxarılıb, qalan müəssisələrdə isə belə şəraitdə işləyənlərin sayı 41% azalıb. 3 715 nəfərin iş şəraiti normalara cavab verəcək səviyyəyə çatdırılıb. İşəgötürənlərin bu məsələlərə diqqəti təqdirəlayiqdir. Belə ki, müsabiqə ilində işəgötürənlər əməyin mühafizəsinə ayrılan vəsaitləri nəzərdə tutulduğundan 106 min manat artırıblar.