Naxçıvanda 10 ayda vergi ödəyicilərinə 582 ünvanlı xidmət göstərilib
- 17 noyabr, 2026
- 14:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə xidmət mərkəzləri 582 ünvanlı xidmət göstərib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 39 min 432 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 59 min 529 xidmət göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
Ümumi xidmətlərin 84 %-ni 9 əsas xidmət növü təşkil edib. Bunlara bəyannamələrin və hesabatların təqdim edilməsi, vergi ödəyicilərinin uçota alınması və uçot məlumatlarının dəyişdirilməsi, arayışların verilməsi, fəaliyyətin bərpası, eləcə də əmək müqavilələri üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar daxildir.
Qeyd olunan dövrdə vergi ödəyicilərinə məlumatlandırma xarakterli 894 min 207 müxtəlif növ bildiriş və məktub göndərilib. Həmçinin vergi ödəyiciləri ilə 97 görüş keçirilib.
10 ayda 3 min 923 müraciət üzrə 6 min 715 "ASAN İmza" sertifikatı verilib.