İlyas Fərhadlı: "Keyfiyyətli təhsilin hamı üçün əlçatan edilməsi istiqamətində çalışıram" - MÜSAHİBƏ

Biznes
  • 21 noyabr, 2017
  • 12:18
İlyas Fərhadlı: Keyfiyyətli təhsilin hamı üçün əlçatan edilməsi istiqamətində çalışıram - MÜSAHİBƏ

Bakı. 21 noyabr. REPORT.AZ/  OBANATUR şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri İlyas Fərhadlının "Report"a müsahibəsi: 

- “BBF-lə Startup” mentorluq layihəsində iştirak etmək fikri sizdə necə yarandı?

- Gənc sahibkarlarla və sahibkarlığa marağı olan gənclərlə xarici və yerli təlimçilərdən öyrəndiklərimi, oxuduqlarımı və əldə etdiyim təcrübəni bölüşmək mənim üçün çox maraqlı idi.

- Layihədə hansı mövzudan çıxış edirdiniz?

- Layihəyə "Biznes modelinin qurulması" mövzusu üzrə qatıldım.

- Bundan əvvəl bu kimi layihələrdə iştirak etmisinizmi? Nə kimi fərq var?

- Bir neçə təlimlərdə çıxış etmişdim. Bu layihənin əsas üstünlüyü ondan ibarət idi ki, startup yaratmaq və inkişaf etdirmək üçün lazım olan bütün fəliyyət mərhələlərini əhatə etmişdi və hər biri öz sahəsində nəzəri və praktiki bacarığı olan peşəkar şəxslər tərəfindən keçirildi.

- Layihədən yararlandıqdan sonra bu, sahibkarlıq düşüncə tərzinizə nə kimi təsir göstərmiş oldu?

- Layihədə iştirak edən gənc sahibkarlar və sahibkarlıq sahəsində marağı olan gənclər Azərbaycanda startup fəaliyyəti göstərmək üçün hansı imkanlar və maneələrin olduğu haqda real təcrübəsi olan şəxslər tərəfindən biliklər əldə etdilər.

- Gənc mentor olaraq hansı sahədə inkişaf etməyə üstünlük verirsiniz? Nə kimi yeni biznes layihələriniz var?

- Daha çox keyfiyyətli təhsilin hamı üçün əlçatan edilməsi istiqamətində fəaliyyət göstərirəm. Bu istiqamətdə hazırda üzərində işlədiyimiz bir sosial biznes layihəmiz var.

- Gənc sahibkarlar üçün bu kimi layihələrin hansı faydaları var?

- Bu tip layihələr gənc sahibkarlar üçün çox əhəmiyyətlidir. İlk olaraq onlar real bazara aid praktiki biliklər əldə edirlər. Təbii ki, oxumaq da gənc sahibkar üçün çox vacibdir, amma bu tip layihələrdə Azərbaycan bazarı haqqında daha praktiki bilik əldə etmək mümkündür. Digər əhəmiyyətli tərəfi isə əlaqələrin genişlənməsidir. Hətta iki iştirakçı artıq birgə startupa başlamağı qərara aldı.

- Ölkədə gənc sahibkarların inkişafı üçün yaradılan şərait sizi qane edirmi?

- Startuplar üçün ekosistemi yaratmaq çox çətin prosesdir. Çünki qlobal rəqabət var. Siz artıq digər inkişaf etmiş ölkələr ilə rəqabətdəsiniz. Hazırkı vəziyyətdə həmin ölkələrlə rəqabət apara biləcək vəziyyətdə olmasaqda, bir çox müsbət addımın atılmasını görmək olur.

- Öz fəaliyyətiniz barədə məlumat verməyinizi xahiş edirik. Hazırda hansı sahə üzrə fəaliyyət göstərirsiz?

- Hazırda "ObaNatur" sosial sahibkarlıq nümunəsində ictimaiyyətlə əlaqələr meneceri olaraq çalışıram, eyni zamanda onlayn təhsil platformasını yaradıram. Bundan əlavə, "Biznes modelin qurulması", "Təhsil və onun beynəlxalq inkişafa təsirləri" ilə bağlı təlimlər keçirəm.

- Fəaliyyət göstərdiyiniz sahələr üzrə imza atdığınız uğurlar haqqında da məlumat verərdiz.

- "ObaNatur" MMC-də çalışdığım müddətdə 30-dan çox regionda yerləşən kiçik və orta sahibkarların öz bizneslərini inkişaf etdirməsinə, brendinqi və məhsullarını bazara çıxarmasına kömək etmişəm. Regionda yerləşən 200-ə yaxın sahibkara İqtisadiyyat Nazirliyinin təşkil etdiyi təlimlər çərçivəsində sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi və regional inkişaf ilə bağlı təlimlər keçmişəm. Hazırda gənc sahibkarlara yuxarıda qeyd etdiyim mövzularda təlimlər keçirəm. Eyni zamanda Kanadadan aldığım investisiya nəticəsində Azərbaycan ekosisteminin rəqəmsallaşması istiqamətində yeni startup yaradıram. Həmçinin bu, onlayn təhsil platformasını da əhatə edəcək. 

Qeyd edək ki, “Baku Business Factory” 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.