Gürcüstan Azərbaycana avtomobillər üçün ehtiyat hissələrinin ixracını 17 % azaldıb

Biznes
  • 19 mart, 2025
  • 17:47
Gürcüstan Azərbaycana avtomobillər üçün ehtiyat hissələrinin ixracını 17 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 383 min ABŞ dolları dəyərində 12,62 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq 17 % azdır.

Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə fevral ayında Azərbaycan qonşu ölkədən 204 min ABŞ dolları dəyərində 7,12 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar alıb. Bu, bir il əvvələ nisbətən müvafiq olaraq 20 % və 4,4 % azdır.

Bu ilin 2 ayında Gürcüstan xarici ölkələrə 1,84 milyon ABŞ dolları dəyərində 97,5 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 7 % və 1,3 % azdır.

O cümlədən Gürcüstan Türkiyəyə 527 min ABŞ dolları dəyərində 16,12 ton, Koreya Respublikasına 217 min ABŞ dolları dəyərində 3,82 ton, Birləşmiş Ərəb Əmirliklərinə 210,8 min ABŞ dolları dəyərində 24,87 ton, Ermənistana 195,6 min ABŞ dolları dəyərində 23 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 13,64 milyon ABŞ dolları dəyərində 847 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,83 milyon ABŞ dolları dəyərində 91,8 tonu Azərbaycanın payına düşüb.

44 - Tezliklə