FAO nümayəndəsi Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə tanış olub
- 25 sentyabr, 2026
- 15:05
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin FAO-Azərbaycan tərəfdaşlıq Proqramı çərçivəsində yenilənən Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub.
"Report" xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev və Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevin iştirakı ilə keçirilən görüş zamanı Viorel Gutuya Mərkəzi Laboratoriyanın fəaliyyəti, burada göstərilən xidmətlər, tətbiq olunan müasir analiz metodları və laboratoriyanın texniki imkanları barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində laboratoriyada aparılan analiz prosesləri əyani şəkildə nümayiş etdirilib. Torpaq analizləri üzrə azot, fosfor, kalium, pH və EC göstəricilərinin, toxum analizləri üzrə təmizlik və cücərmə göstəricilərinin, eləcə də 1000 dənin çəkisinin müəyyənləşdirilməsi prosesləri nümayiş olunub.
Bununla yanaşı, bitki xəstəliklərinin diaqnostikası, kənd təsərrüfatı məhsullarının laborator müayinəsi və suvarma suyunun analizinin aparılması istiqamətində görülən işlər barədə məlumat təqdim edilib.
Görüş zamanı laboratoriyanın fəaliyyəti, tətbiq olunan analiz metodları və göstərilən xidmətlərlə bağlı Viorel Gutunun sualları cavablandırılıb.
V.Gutu Mərkəzi Laboratoriyanın FAO-nun Qlobal Torpaq Laboratoriyaları Şəbəkəsinin (GLOSOLAN) səriştəlilik sınağını uğurla başa vurmasını yüksək qiymətləndirərək, bu nailiyyətin laboratoriyanın texniki imkanlarının və yüksək peşəkarlıq standartlarının mühüm göstəricisi olduğunu vurğulayıb. FAO nümayəndəsi Mərkəzi Laboratoriyanın fəaliyyəti, müasir laboratoriya imkanları və kənd təsərrüfatı sahəsində keyfiyyətə nəzarətin təmin olunması istiqamətində görülən işlərlə tanışlıqdan məmnunluğunu ifadə edib.