Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi BANM ilə memorandum imzalayıb
- 29 oktyabr, 2021
- 09:04
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi və Bakı Ali Neft Məktəbi (BANM) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
"Report" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, sənədi Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və BANM-nin rektoru Elmar Qasımov imzalayıb. Memorandum iki qurum arasında tədris, təlim və elmi-tədqiqat sahələrində əlaqələrin yaradılması, əməkdaşların iqtisadiyyat, maliyyə, mühasibat uçotu və vergi sahələri üzrə bilik, ixtisas və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi, aktual mövzular üzrə birgə elmi tədqiqatların aparılması, innovativ layihələrin həyata keçirilməsi və digər məsələləri əhatə edir.
E.Qasımov Tədris Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətli olacağına əminliyini bildirib, birgə tədbirlərin keçirilməsi ilə yanaşı, Mərkəzdə BANM-nin tələbələri üçün ustad dərslərinin təşkilinin faydalı olacağını vurğulayıb. Bu baxımdan, rəhbərlik etdiyi təhsil ocağının tələbə və mütəxəssislərinin bilik və bacarıqlarının praktiki hazırlıqlarının artırılması üçün Tədris Mərkəzində müvafiq təlimlərə cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb. M.Kazımov isə iki qurum arasında əməkdaşlıq əlaqələrinin yaradılmasından məmnunluğunu bildirərək, bunun həm BANM, həm də Tədris Mərkəzinə töhfə verəcəyinə əminliyini ifadə edib.