Azərbaycanda üç növ insulin istehsalının lokallaşdırılması planlaşdırılır

Biznes
  • 27 may, 2025
  • 14:16
Azərbaycanda üç növ insulin istehsalının lokallaşdırılması planlaşdırılır

Rusiyanın "GEROFARM" və "R-Pharm" (“R-Pharm” qrupuna daxildir) şirkətləri Azərbaycanda sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün dərmanların lokallaşdırılması sahəsində strateji tərəfdaşlıq elan edib.

Bu barədə “Report” "GEROFARM"ın məlumatına istinadən xəbər verir.

"Tərəflər arasında razılaşma Azərbaycanda "R-Pharm" zavodunda üç növ insulinin - “RinGlar” (insulin glargin), “RinFast” (insulin aspart) və “RinFast Mix”in (ikifazalı insulin aspart) təkrar qablaşdırma proseslərinin lokallaşdırılmasını, həmçinin şəkərli diabetin müalicəsi üçün dərmanların kommersiya məqsədilə satışına başlanılmasını nəzərdə tutur", - məlumatda qeyd olunub.

Hazırda lokallaşdırılmış insulinlərin ilk istehsal mərhələsi həyata keçirilib, dərmanlar artıq mülki dövriyyəyə buraxılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 320 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb, onlardan 30 mini insulindən asılı diabet xəstələridir. Rusiya-Azərbaycan tərəfdaşlığı bu xəstəlikdən əziyyət çəkən vətəndaşlar üçün müasir və effektiv dərman vasitələrinin əlçatanlığını artırmağa yönəlib.

Azərbaycanda xarici əczaçılıq preparatlarının istehsalının lokallaşdırılması yerli xəstələrin beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli dərmanlarla təmin edilməsinə kömək edən mühüm mərhələdir.

Bakıda "R-Pharm" əczaçılıq kompleksi MDB ərazisində istehsal, laboratoriya və logistika bloklarından ibarət ən müasir zavodlardan biridir. Qabaqcıl avadanlıqlarla təchiz edilmiş zavodun sahəsi 4,6 hektar, illik istehsal gücü isə 250 milyon məhsul vahidindən çoxdur.

44 - Tezliklə