Azərbaycanda ildə 100 min ton gücündə olan yerfındığı emalı zavodunun inşası planlaşdırılır

Biznes
  • 10 dekabr, 2024
  • 07:24
Azərbaycanda ildə 100 min ton gücündə olan yerfındığı emalı zavodunun inşası planlaşdırılır

İsveçrənin "iCsquared GmbH" şirkəti Azərbaycanda ildə 100 min ton gücündə yerfındığı emalı zavodunun inşasını planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin xarici KİV-də yer alan materiallarında məlumat verilib.

Bildirilir ki, şirkət Şəmkir rayonunda Azərbaycanda yerfındığı plantasiyalarının yetişdirilməsi üzrə pilot layihə həyata keçirib.

"Biz hələ başlanğıc mərhələsindəyik. Gələcəkdə şirkət 2500-3000 hektar sahədə yerfındığı plantasiyaları yaradacaq. Yerli fermerlərin "Wasserstein Lopafa" tərəfdaşlıq proqramı çərçivəsində isə daha 20 min hektar sahədə plantasiyalar yaratmağı planlaşdırırıq. Həmçinin Azərbaycanda 1000-1200 hektar sahədə kartof, 50 hektar quşqonmaz, 50 hektar ənginar plantasiyaları və 30 hektar qoz (fındıq) bağlarının salınmasını düşünürük. Biz Azərbaycanı yerfındığı idxalçısından ixracatçıya çevirmək və gələcəkdə MDB, Yaxın Şərq və Avropa İttifaqı ölkələrinin bazarlarına ixrac üçün illik gücü 100 min ton olan yerfındığı emalı zavodu tikmək niyyətindəyik", - şirkət qeyd edir.

Yerfındığı, quşqonmaz, ənginar, qoz bağları 2024-2025-ci il mövsümlərində Ağstafa rayonunda Ağstafa Beynəlxalq Aqroklaster platformasında salınacaq, həmçinin gələcəkdə Ağstafada 1000 hektar sahədə yerfındığı plantasiyalarının yetişdirilməsi barədə razılaşma əldə edilib.

Yerfındığı emalı zavodu İsveçrənin “Bühler Group” şirkətinin İsveçrə-Almaniya texnologiyaları ilə tikiləcək, Avropa standartlarının tələblərinə cavab verəcək və Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yerləşəcək. Bundan əlavə, Ağstafada Azərbaycanın şimal-qərb regionlarını və Gürcüstan bazarlarını yerfındığı ilə təmin etmək üçün kiçik emal müəssisələrindən biri yaradılacaq.

Gələcəkdə şirkət Azərbaycan vasitəsilə Özbəkistan bazarına da çıxacaq, burada Avropa standartlarına uyğun İsveçrə-Almaniya yerfındığı emalı texnologiyaları istifadə olunacaq. Gələcək planlara Rotterdam limanındakı Azad Zonada qablaşdırma, COOP, “Migros”, EDEKA, “Essenlunga” və digər aparıcı Avropa pərakəndə şəbəkələrini, eləcə də HORECA seqmentini təmin etmək üçün Azərbaycan yerfındığının qovrulması, duzlanması və tənəkə qablarda qablaşdırılmasının təşkili daxildir.

“iCsquared GmbH” şirkətinin filialı 2019-cu ildən Azərbaycanda fəaliyyət göstərir.

44 filmi