Azərbaycan şəkər idxalına çəkdiyi xərci təxminən 2 %-ə yaxın azaldıb
- 18 iyun, 2024
- 07:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-may aylarında 86,076 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 10,309 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 26 % azdır.
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,18 %-ni, ixrac isə ümumi ixracın 0,09 %-ni təşkil edib.
Xatırladaq ki, 5 ayda Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 19,7 % azdır.
Xarici ticarət dövriyyəsinin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % artıb.