ASK Müsəlman Ticarət Forumu ilə Anlaşma Memorandumu imzalayıb

Biznes
  • 17 fevral, 2026
  • 11:40
ASK Müsəlman Ticarət Forumu ilə Anlaşma Memorandumu imzalayıb

Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən beynəlxalq tədbirlər çərçivəsində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Böyük Britaniyada fəaliyyət göstərən Müsəlman Ticarət Forumu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

"Report" konfederasiyaya istinadən xəbər verir ki, sənədi ASK-nın prezidenti Məmməd Musayev və Müsəlman Ticarət Forumunun sədri İqbal Sakrani imzalayıb.

Memorandumun imzalanmasından sonra tərəflər arasında görüş keçirilib və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

M.Musayev bildirib ki, imzalanmış sənəd iki qurum arasında əməkdaşlığın daha planlı və sistemli şəkildə davam etdirilməsinə imkan yaradacaq. O, ASK-nın Böyük Britaniyaya planlaşdırılan səfərinin cari il ərzində reallaşdırılması istiqamətində müvafiq fəaliyyətlərin həyata keçirildiyini, xüsusilə London Halal Forumuna böyük əhəmiyyət verildiyini qeyd edib.

M. Musayev, həmçinin Azərbaycanın B6 və C8 ölkələri ilə əməkdaşlıq formatlarına üzvlüyünə toxunaraq, bu platformalar çərçivəsində qurulan əlaqələrin əməkdaşlığın coğrafiyasını daha da genişləndirdiyini vurğulayıb. Halal iqtisadiyyat və ticarət sahəsində forumların inkişaf dinamikasının əməkdaşlığın daha uğurlu nəticələr verməsinə zəmin yaratdığını bildirib.

Müsəlman Ticarət Forumunun rəhbəri isə əməkdaşlığın səmərəli qurulması üçün vahid məlumat bazasının formalaşdırılmasının vacibliyini qeyd edib, araşdırmalara əsaslanan, məqsədyönlü yanaşmanın önəmini vurğulayıb və bu istiqamətdə birgə işçi qrupunun yaradılmasını təklif edib.

Böyük Britaniyada təsis edilmiş Müsəlman Ticarət Forumu yerli müsəlman biznes icmasının iqtisadi gücləndirilməsini, sahibkarlar arasında əlaqələrin inkişafını və beynəlxalq əməkdaşlığın təşviqini qarşıya məqsəd qoyan aparıcı platformalardan biridir. Bu memorandum ASK ilə Müsəlman Ticarət Forumu arasında əlaqələrin yeni mərhələyə keçidini təmin etməklə yanaşı, Azərbaycan biznesinin Böyük Britaniya və daha geniş beynəlxalq bazarlara çıxışı baxımından mühüm imkanlar açır.

Son xəbərlər

Bütün Xəbər Lenti