İki ölkədən Azərbaycana dondurulmuş mal əti tədarükü bərpa edilib
- 06 oktyabr, 2022
- 05:58
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 7 ayında Azərbaycan 4,117 milyon ABŞ dolları dəyərində 864,5 ton dondurulmuş iribuynuzlu heyvan əti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 64,7 %, kəmiyyət olaraq – 70,7 % azdır.
Hesabat dövründə Ukraynadan 2,306 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 76,6 % azdır) 485 ton (-80 %), Braziliyadan 713,85 min ABŞ dolları dəyərində (-43,3 %) 220,48 ton (-50 %), Hindistandan 633,25 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 125,43 ton (+2 dəfə), Rusiyadan 196,73 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 12,55 ton (+77,1 %), Belarusdan 68,47 min ABŞ dolları dəyərində 5,82 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.
İki il 2 aylıq fasilənin ardından Avstraliyadan, 2 il 1 ayın tamamında İspaniyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 11,45 min ABŞ dolları dəyərində 0,19 ton və 8,05 min ABŞ dolları dəyərində 1 ton mal əti gətirilib.
Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 4,45 min ton dondurulmuş iribuynuzlu heyvan ətinin 80 %-i Ukraynanın, 14 %-i Hindistanın payına düşüb.