Fuad Sadıqov: "Zərərli ərazilərdə sığorta tarifləri mütənasib şəkildə yüksək olacaq"

ASK
  • 07 may, 2026
  • 16:29
Fuad Sadıqov: Zərərli ərazilərdə sığorta tarifləri mütənasib şəkildə yüksək olacaq

Azərbaycanda aqrar sığorta tarifləri regionların zərərlilik dərəcəsinə müvafiq olaraq formalaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərnə görə, son üç illik dövrdə Qarabağ iqtisadi rayonunda pambıq əkinləri üzrə zərərlilik göstəricisi 500 %-i aşıb: "Başqa sözlə, hər bir manat müqabilində 5 manat ödəniş həyata keçiririk. Təbii ki, həmin bölgələrdə tariflərin daha yüksək olması prosesi izlənilir. Sabirabad, Saatlı, İmişli istiqamətində isə tariflərin 3 dəfə azalmasını müşahidə edirik.

Tariflər iqtisadi-riyazi hesablamalara söykənərək aktuarlar tərəfindən təsbit edilir və portfelin zərərlilik səviyyəsindən asılı olaraq dəyişikliyə məruz qalır. Dünya praktikası ilə müqayisədə Azərbaycanda bir sıra məhsullar üzrə sığorta tarifləri xeyli aşağı səviyyədədir: məsələn, ölkəmizdə armudun sığortalanması üçün maksimum tarif 8 % təşkil edirsə, Türkiyədə bu rəqəm 27-28 %-ə çatır. Yəni hər 100 manatlıq məhsula qarşı 27-28 manat məbləğində sığorta haqqı hesablanır", - F. Sadıqov bildirib.

Fondun rəhbəri əlavə edib ki, məlumat bazasının genişlənməsi ilə paralel olaraq tariflərin yenidən nəzərdən keçirilməsi imkanı yaranacaq: "Zərərliliyin yüksək olduğu ərazilərdə tariflər mütənasib qaydada daha artıq müəyyən ediləcək. Zərərlilik göstəricisi aşağı olan sahələrdə isə tariflər əhəmiyyətli dərəcədə azalacaq".

O həmçinin vurğulayıb ki, gələcəkdə tariflərin bütün regionlar üzrə endirilməsi barədə fikir irəli sürmək doğru yanaşma deyil: "Zərərli bölgələrdə tariflər həmin ərazinin xüsusiyyətlərinə uyğun kalkulyasiya olunacaq. Daha az zərərli zonalarda isə tariflərin ciddi şəkildə aşağı düşməsi nəzərdə tutulur".

F. Sadıqov quraqlıq sığortası məsələsinə də toxunub. O qeyd edib ki, bu sahədə hazırda müəyyən işlər aparılmaqdadır: "Quraqlıq beynəlxalq təcrübədə əsas etibarilə taxıl əkinləri üzrə sığorta olunur. Biz də perspektivdə quraqlıq sığortasını fermer təsərrüfatlarına indeks əsaslı yaxud ənənəvi sığorta mexanizmləri yolu ilə təklif etməyi planlaşdırırıq. Əsas məqsəd bu sistemin dövlət büdcəsinə əlavə maliyyə yükü yaratmadan qurulmasıdır. Hesab edirik ki, yaxın müddətdə istehlakçılarımıza bu xidməti göstərə biləcəyik".