Azərbaycanın süd istehsalçısı ixracını 6 dəfə artırmağı hədəfləyir

ASK
  • 12 iyun, 2026
  • 14:02
Azərbaycanın süd istehsalçısı ixracını 6 dəfə artırmağı hədəfləyir

"Göyçay Süd" ASC ixrac həcmini 6 dəfə artırmaqla 3 milyon manata qaldıracağı hədəfləyir.

"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Göyçay Süd" ASC-nin İdarə Heyətinin sədr müavini Soltan Mustafalı "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib.

O, Prezident İlham Əliyevin aqrar sənayesinin inkişafı ilə bağlı tapşırıqlarını rəhbər tutaraq, 2030 cü ilə qədər təqribən 4 milyon manat həcmində yeni investisiya proqramını icra edəcəklərini bildirib: "Müəssisəmizdə yeni investisiya sahəsində müasir texnologiyalar tətbiq edilməklə sutkalıq süd emalı gücümüzü 35 tondan 100 tona çatdıracağıq. Bu da illik dövriyyəmizin ən az 12 milyon manata yüksəlməsini təmin edəcək. İxrac həcmini 6 dəfə artırmaqla 3 milyon manata qaldıracağıq. Əlavə olaraq, 50-yə yaxın yeni və daimi iş yerinin açılması, rayon əhalisinin məşğulluğunun təmin edilməsi və sosial rifahımızın yüksəldilməsinə mühüm töhfə verəcək".

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialının reallaşdırılması və resursların hərəkətə gətirilməsi prosesində öz əməli töhfələrini verməyi əsas hədəf kimi müəyyən edilib: "Bunun üçün Laçın şəhərində 5 hektar ərazidə ümumi qapalı tikinti sahəsi 2000 m² olan müasir süd və süd məhsulları, həmçinin meyvə şirələri emalı zavodunun tikintisi ilə bağlı müvafiq qurumlar və yer ayrılması, layihənin razılaş istiqamətində intensiv danışıqlar aparırıq. İlkin investisiya dəyəri 10 milyon manat olan layihə çərçivəsində illik 1500 ton meyvə şirəsinin, o cümlədən 200 ton nar şirəsinin, 600 ton süd məhsullarının və 400 ton kərə yağının emalı planlaşdırılır. İstehsalın beynəlxalq standartlara uyğun təşkili üçün müasir emal və qablaşdırma texnologiyalarının tətbiqi, xüsusi soyuducu anbar komplekslərinin quraşdırılması da nəzərdə tutulur".