Azərbaycandan iki ölkəyə alma tədarükü bərpa olunub

ASK
  • 09 dekabr, 2021
  • 06:29
Azərbaycandan iki ölkəyə alma tədarükü bərpa olunub

Bu ilin ilk 9 ayı ərzində Azərbaycan 23,026 milyon ABŞ dolları dəyərində 44 min 104,73 ton alma ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 45,77 % və 17,26 % çoxdur.

Almamızın əsas tədarük bazarı Rusiyadır. Bu ilin yanvar-sentyabr aylarında alma ixracının dəyər ifadəsində 96,95 %-i, 2020-ci ilin - 93,37 %-i, 2019-cu ilin- 90,93 %-i, 2018-ci ilin - 92,18 %-i, 2017-ci ilin – 82,43 %-i, 2016-cı ilin – 95,24 %-i, 2015-ci ilin – 97,26 %-i şimal qonşumuzun payına düşüb. Hesabat dövründə Rusiyaya 22,324 milyon ABŞ dolları dəyərində 41 min 637,29 ton alma tədarük olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 51,36 %, kəmiyyət olaraq – 18,98 % çoxdur.

Digər ənənəvi bazarlarımız Qazaxıstan və İrandır. Qazaxıstana 522,59 min ABŞ dolları dəyərində 1 min 849,63 ton, İrana 42,1 min ABŞ dolları dəyərində 186,64 ton məhsul göndərilib. Bu ölkələrə tədarük dəyər ifadəsində müvafiq olaraq 19,6 % artıb, 52,56 % azalıb.

Hesabat dövründə Azərbaycandan 11 ölkəyə alma ixracı olub. Üçillik aradan sonra Əfqanıstana, dördilik fasilənin ardından Qətərə tədarük bərpa olunub.

2021-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 114,2 min ABŞ dolları dəyərində 226,05 ton alma tədarük olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal müvafiq olaraq 71,45 % və 55,88 % azalıb.

Azərbaycana alma cəmi iki ölkədən gətirilib. Rusiyadan 60,18 min ABŞ dolları dəyərində 148,56 ton, Gürcüstandan 54,02 min ABŞ dolları dəyərində 77,49 ton məhsul tədarük olunub. Birillik fasilədən sonra şimal qonşumuzdan tədarük bərpa ounub. Gürcüstandan isə idxal əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində - 82,18 %, kəmiyyət olaraq – 79,28 % azalıb. Ötən ilin 9 ayının nəticələrinə görə Gürcüstanın ümümi idxaldakı payı 75,79 %, 2019-cu ilin – 84,88 % olub.