Azərbaycanda nüvə texnologiyasının tətbiqilə yeni pambıq sortları yaradılır

ASK
  • 31 yanvar, 2022
  • 13:53
Azərbaycanda nüvə texnologiyasının tətbiqilə yeni pambıq sortları yaradılır

Kənd Təsərrüfatı Nazirliyinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (IAEA) birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanda yeni pambıq sortları yaradılır.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumatda deyilir ki, layihəni qurumun Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu həyata keçirir. İAEA əməkdaşlarının təqdim etdiyi metodikaya əsasən, 12 000 pambıq toxumu Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda müəyyən dozalarda şüalandırılıb və əkini aparılıb. Üç il ərzində layihə çərçivəsində Mutant-1, Mutant-2 və Mutant-3 nəsil bitkilər alınıb və bitkilər xəstəlik, quraqlıq və şoranlığa davamlılıq xüsusiyyətlərinə görə seçilib. Yekunda üç il davam edən layihə nəticəsində Azərbaycanda yerli pambıq sortlarından quraqlığa və şoranlığa davamlı mutant xətlər almaq mümkün olub.

"Dünyada qlobal iqlim dəyişikliyi gedir, bu proses ölkəmizə də öz təsirini göstərməkdədir. Kənd Təsərrüfatı Nazirliyi olaraq belə bir şəraitdə iqlim dəyişikliyinə adaptasiya edən texnologiyaların yaradılması, eyni zamanda yeni məhsuldar, xəstəliklərə, şoranlığa, quraqlığa davamlı sortların yaradılması əsas hədəflərimizdən biridir. Bu istiqamətdə IAEA ilə əməkdaşlıq edərək nüvə texnologiyasından istifadə edərək, şüalandırma yolu ilə yeni mutant pambıq sortlarının, hibrid sortların alınmasına nail olmaq istəyirik. 2019-cu ildən başlayaraq üç illik bir layihə icra olundu və çox uğurlu nəticələr əldə edildi, mutant xətlər alındı. Birinci, ikinci və üçüncü nəsil mutant xətlər institutun seleksiya proqramına cəlb olunub. Məqsədimiz xəstəliyə, zərərvericilərə, şoranlığa, quraqlığa davamlı yeni sortların alınmasıdır”, - deyə nazirliyin şöbə müdiri İmran Cümşüdov qeyd edib.