Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib

Sağlamlıq
  • 04 noyabr, 2026
  • 23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası PHŞ-də ilk dəfə olaraq 16 yaşlı pasiyent üzərində torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı uğurla həyata keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, müayinələrin nəticələri və pasiyentin klinik vəziyyəti nəzərə alınaraq aparılan əməliyyat uğurla başa çatıb.

Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib. Bir həftə stasionar şəraitdə müşahidə və müalicə olunan pasiyent qənaətbəxş vəziyyətdə evə buraxılıb.

Qeyd edək ki, bu əməliyyatın xəstəxanada ilk dəfə icra olunması Naxçıvanda uşaq cərrahiyyəsi və döş qəfəsi cərrahiyyəsinin inkişafı baxımından əhəmiyyətli hadisədir. Minimal invaziv cərrahiyyə üsulu cərrahi müdaxilənin travmasını azaltmağa, pasiyentin daha sürətli sağalmasına və müalicə prosesinin effektivliyinin artırılmasına imkan verir.

Naxçıvanda müasir tibbi texnologiyaların tətbiqi, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və mürəkkəb cərrahi əməliyyatların yerli tibb müəssisələrində həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.