Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Digər ölkələr
  • 24 oktyabr, 2026
  • 08:11
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib.

"Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat yayıb.

"HHM qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib", - o, "X" sosial şəbəkəsində yazıb.

İnsidentlə əlaqədar Səudiyyə Ərəbistanının Baş Mülki Müdafiə İdarəsi fövqəladə hallar barədə milli erkən xəbərdarlıq sistemini işə salaraq paytaxt sakinlərini ehtimal olunan təhlükə barədə xəbərdar edib.

Daha sonra qurum hava həyəcanının ləğv olunduğunu bildirib.

AFP agentliyi isə hava təhlükəsi xəbərdarlığı sistemlərinin işə düşməsi fonunda Ər-Riyadda iki partlayış səsinin eşidildiyi barədə məlumat verib.