XİN rəsmisi: Gənclər Forumu İƏT-in 2026-2035-ci illər üzrə növbəti inkişaf sənədinə töhfə verəcək

Xarici siyasət
  • 01 iyul, 2025
  • 12:32
XİN rəsmisi: Gənclər Forumu İƏT-in 2026-2035-ci illər üzrə növbəti inkişaf sənədinə töhfə verəcək
Elmar Məmmədov

Ağdamda keçirilən Gənclər Forumu İƏT-in 2026-2035-ci illər üzrə növbəti inkişaf sənədinə töhfə verəcək.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Yüksək Səviyyəli Perspektivlər: “Regional inkişafda gənclərin rolu” mövzusunda panel müzakirəsində deyib.

E.Məmmədov ECO Gənclər Forumunun Ağdamda keçirilməsini tarixi hadisə kimi qiymətləndirib:

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təşkil edilən İƏT Həftəsi və İƏT-in Ağdam Gənclər Forumunun təşkili tarixi hadisədir. 27 il ərzində işğal altında olan Ağdam şəhəri məqsədyönlü şəkildə Ermənistan tərəfindən dağıdılıb, bu səbəbdən xarici jurnalistlər bu şəhəri Qafqazın Hiroşiması adlandırıblar.

Ağdam şəhəri Azərbaycanın mədəni paytaxtlarından biri olub və bu gün İƏT-in Ağdam Gənclər Forumunda fəal iştirak edən Qarabağ Universitetinin tələbələri və Azərbaycan gəncləri bu şəhərin bərpası və quruculuq prosesində də fəal iştirak edirlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dinamik inkişaf prosesinə, o cümlədən Qarabağ Dirçəliş Fondunun və yaşıl enerji zonalarının uğurlu fəaliyyətlərinə töhfə verirlər”.

O, İƏT çərçivəsində hazırlanan müvafiq sənədlər hazırda hökumətlərarası prosedurlardan keçir:

“İƏT-in 2017-2025-ci illər üzrə baxış sənədi yalnız hökumətlərarası məsləhətləşmələr prosesindən keçib, lakin hazırda tərtib edilməkdə olan İƏT-in 2026-2035-ci illər üzrə növbəti inkişaf sənədinə qurum çərçivəsində təşkil edilən İƏT Ağdam Gənclər Forumu, İƏT Laçın Qadınlar Forumu və İƏT Şuşa Biznes Forumları da töhfə verəcəklər. Beləliklə də bu prosesə İƏT regionunun gəncləri, qadınları və iş adamları da cəlb ediləcəklər”.

XİN-in idarə rəisi ötən il Azərbaycanda keçirilən COP29 tədbirləri haqqında da danışıb:

“COP29 çərçivəsində Azərbaycanın bütün beynəlxalq tərəfdaşlarla sıx məsləhətləşmələrdə yaratdığı iki qlobal təşəbbüs İƏT Ağdam Gənclər Forumunun mövzusuna birbaşa aiddir. Burada İqlimə dayanıqlılıq naminə insan inkişafı üzrə Bakı Təşəbbüsü, o cümlədən bu təşəbbüs üzrə Bakı Rəhbər Prinsipləri və Ticarət üçün İqlim Maliyyəsi və İnvestisiya üzrə Bakı Təşəbbüsündən (BICFIT) söhbət gedir.

Hər iki qlobal təşəbbüs bir-birini tamamlayır və əsas hədəf inkişaf etməkdə olan ölkələrdə yaşıl keçid üçün innovativ ixrac məhsullarının yaradılması və bu ölkələrdə yüksək keyfiyyətli təhsilli və sağlam insan kapitalının formalaşdırılmasıdır”.