Xankəndi sakini: “İkili standartlar bizi haqq işimizdən çəkindirə bilməz”

Xarici siyasət
  • 14 sentyabr, 2023
  • 12:34
Xankəndi sakini: “İkili standartlar bizi haqq işimizdən çəkindirə bilməz”

“İkili standartlar bizi haqq işimiz üçün atacağımız addımlardan çəkindirə bilməz”.

Bu fikirləri “Report”a açıqlamasında Xankəndi şəhər sakini Vahid Bağırov deyib.

Onun sözlərinə görə, bugünkü bəyanat, əslində çoxdan verilməli idi: “Çünki Ermənistan tərəfi elə bəyanatlar verir ki, sanki Xankəndi şəhərində və Qarabağda heç bir azərbaycanlı yaşamayıb. Hansı ki, həmin ərazilərdə tarixən azərbaycanlılar yaşayıb, yaradıb, müəyyən vəzifələrdə işləyiblər. Bundan sonra da bu cür bəyanatlarla çıxış edəcəyik və çalışacağıq ki, beynəlxalq ictimaiyyəti bəhs edilən məsələ barədə məlumatlandıraq. Hətta, lazım gələrsə, Xankəndiyə də gedəcəyik. Çünki biz burada doğulub boya-başa çatsaq da, 30 illik işğal nəticəsində öz doğma yurdumuzdan didərgin salınmışıq”, - o qeyd edib.

V.Bağırov təəssüflə vurğulayıb ki, Azərbaycan xalqı bir çox mənada ikili standartlarla üzləşir: “Lakin hesab edirəm ki, bu cür yanaşmalar bizi ruhdan salmamalı və yolumuzdan döndərməməlidir”.

Qeyd edək ki, bu gün Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar.

44 - Tezliklə