Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir - RƏY
- 31 iyul, 2026
- 19:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir.
"Report" xəbər verir ki, bunu Azərbaycan-Qırğızıstan münasibətlərini dəyərləndirən Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O bildirib ki, Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış siyasətdir:
"Həm Avropa, həm qonşu dövlətlərlə, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni prioritetlər üzrə inkişaf edir. Türk dünyasının birliyi bütün dövrlər üçün aktual olub, bu gün də öz önəmini təsdiqləyir. Yeni dünya nizamının formalaşdığı hazırkı mərhələdə bu birliyin, həmrəyliyin vacibliyi türk dövlətləri tərəfindən vurğulanmaqla yanaşı, real addımlarda özünü nümayiş etdirir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər həm ölkələr arasında əlaqələrin inkişafına, həm də Türk Dövlətləri Təşkilatı daxilində birliyə böyük stimul verir.
Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin müntəzəm xarakter daşıması, həmçinin dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə hər il qeyri-rəsmi Zirvə görüşlərinin də keçirilməsi bu birliyin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir".
Deputat deyib ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb, beynəlxalq mövqeləri möhkəmlənib:
"Həm bölgədə gedən proseslərə təsir imkanları artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatın rolu artmaqdadır. Prezident İlham Əliyevin hər bir çağırışı həm Türk Dövlətləri Təşkilatının gələcəyi, həm də quruma üzv dövlətlərlə birliyin təmin edilməsi üçün yol xəritəsidir. "Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq" söyləyən Prezident İlham Əliyev onu da əlavə edir ki, ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib".
V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin iyulun 30-da Qırğız Respublikasına dövlət səfəri də həm iki ölkənin, həm də Azərbaycan-Mərkəzi Asiya ölkələri münasibətlərinin uğurlu inkişafının nümayişi olub:
"Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixinə nəzər salsaq qeyd etməliyik ki, əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu əlaqələr strateji tərəfdaşlığa çevrilib. Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır. Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü oldu, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. Həmçinin Prezidentlər mətbuata bəyanatla çıxış etdilər. Sadır Japarov bu əminliyi ifadə etdi ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək".
Onun sözlərinə görə, Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir:
"Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır. Qırğızıstan Prezidentinin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev vurğuladı ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. İmzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir".
Deputat bildirib ki, hər bir səfərin əhəmiyyətini açıqlayan mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır:
"İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"dir. Prezident İlham Əliyevin bu səfəri zamanı 14 sənəd imzalanıb. Bunlar arasında Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə imzaladıqları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni qeyd etmək istərdik. "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir".
V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərdə yeni tarixi mərhələ kimi dəyərləndirilir:
"Ümumilikdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siyasi əlaqələrin dərinləşməsi iqtisadi sahədə də yüksək dinamika ilə müşayiət olunur. Son dövrlərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan ilə ticarət dövriyyəsində çoxşaxəli və kəskin artım diqqətdədir. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz çərçivəsində, həmçinin Ələt Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi müasir infrastrukturu ilə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxışı üçün əsas tranzit mərkəzinə çevrilib".