Abas Miskərli: "Sığorta sektorunda investisiya alətlərinin azlığı əsas problemdir"
- 28 oktyabr, 2026
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan sığorta şirkətlərinin investisiya üçün sərbəst vəsaitləri olsa da, bazarda uyğun maliyyə alətlərinin məhdudluğu həmin vəsaitlərin səmərəli yerləşdirilməsini çətinləşdirir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Abas Miskərli "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.
Onun sözlərinə görə, sığorta şirkətləri üçün əsas çətinlik mövcud vəsaitləri hansı maliyyə alətlərinə yönəltmək imkanlarının məhdud olmasıdır.
"Sığorta şirkətləri üçün ən böyük çətinlik odur ki, vəsaitləri var, amma onları harada və hansı alətlərə investisiya edəcəklərini bilmirlər. Bu, bir tərəfdən sevindirici haldır, digər tərəfdən isə nəzarət mexanizmləri kifayət qədər mürəkkəbdir.
Məsələn, dövlət istiqrazları 100 % həcmində tanınsa da, böyük portfeli yalnız dövlət istiqrazlarında saxlamağa icazə verilmir. Çünki diversifikasiya hər bir halda, hətta söhbət dövlət istiqrazlarından getsə belə, tələb olunur.
Yaxud hansısa maliyyə qrupunun tərkibindəsinizsə, məsələn, qrupun həm bankı, həm də sığorta şirkəti varsa, sığorta şirkəti öz ana bankında böyük həcmdə vəsait saxlaya bilmir. Çünki bu halda həmin vəsaitlərin tanınma səviyyəsi daha aşağı olur və sair.
Beləliklə, vəsaitlər çoxdur. Əgər zəmanət fondları və ya mikromaliyyə qurumları müvafiq reytinq tələblərinə cavab versələr, əminəm ki, sığorta şirkətləri onlara daha rahat investisiya yatıracaqlar.
Ona görə də bir daha təkrar edirəm ki, vəsaitləri yerləşdirmək üçün əlimizdə olan alətlər çox azdır və bu imkanlardan istifadə etmək lazımdır", - A. Miskərli vurğulayıb.