BMT-nin nümayəndəsi: Qlobal Cənub QHT Platforması region ölkələrinin beynəlxalq arenada mövqelərini gücləndirəcək
- 28 aprel, 2025
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Qlobal Cənub QHT Platformasının yaradılması cənub yarımkürəsi ölkələrinin beynəlxalq arenada mövqelərini gücləndirməyə kömək edəcək vaxtında atılmış bir addımdır.
"Report" xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin QHT şöbəsinin nümayəndəsi Vuk Tszin-Çanq Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində jurnalistlərə bildirib.
"Bugünkü mühüm forumun keçirilməsi münasibətilə Azərbaycan hökumətini, QHT-ləri və xalqı təbrik etmək istərdim. Bu forum Qlobal Cənubun bütün QHT-lərini hazırda üzləşdiyimiz qlobal problemləri həll etmək üçün bir araya gətirəcək", - o qeyd edib.
Tszin-Çanq vurğulayıb ki, BMT qeyri-hökumət təşkilatları ilə fəal şəkildə qarşılıqlı əlaqə saxlayır və Qlobal Cənubla əməkdaşlığı genişləndirməyi planlaşdırır: "Hazırda BMT-nin İqtisadi və Sosial Şurası yanında 6500 QHT akkreditasiya olunub, lakin onların yalnız 40 %-dən azı Qlobal Cənub ölkələrini təmsil edir. Bununla belə, BMT üzvlərinin 60-70 %-i Qlobal Şimal və Cənub ölkələridir".
O bildirib ki, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq da daxil olmaqla bir çox çağırışlar, məhz Qlobal Cənub ölkələrindən olan təşkilatların daha fəal iştirakını tələb edir: “Bu kontekstdə yeni platforma aktual məsələlərin müzakirəsi və həlli üçün vacib məkan ola bilər”.