Türkiyəli nazir müavini: İtkin düşmüş şəxslər problemi bütün dövlətlərin birlikdə həll etməli olduğu məsələdir
- 09 oktyabr, 2025
- 13:13

İtkin düşmüş şəxslər problemi yalnız Azərbaycan və Türkiyə arasında deyil, bütün dünya dövlətlərinin birlikdə həll etməli olduğu fundamental bir məsələdir.
Bu sözləri "Report"a açıqlamasında Türkiyənin ədliyyə nazirinin müavini Hurşit Yıldırım danışıb.
H.Yıldırım itkin düşmüş şəxslər məsələsinin qlobal və ümumbəşəri bir mövzu olduğunu diqqətə çatdırıb:
"Azərbaycanda artıq üçüncü belə konfransdır ki, itkin düşmüş şəxslərə həsr olunub və Azərbaycan bu tədbiri keçirilməsinə böyük önəm verir. Çünki mövzu olduqca əhəmiyyətlidir, itkin düşmüş və ya zorla yoxa çıxarılmış insanları tapmaq, onların ailələrinə ümid vermək əsas insanlıq məsələsidir".
Müsahib Azərbaycanın keçmişdə bu mövzuda çox ağrılı təcrübələr yaşadığını vurğulayıb:
"Türkiyədə bu istiqamətdə, xüsusilə məhkəmə-tibbi (adli tıp) sahəsində əhəmiyyətli irəliləyişlər var. Bu sahədə Türkiyənin təcrübəsi yüksək səviyyədə tanınır və biz təcrübəmizi bölüşməyə çalışırıq. İtkin düşmüş şəxslər məsələsi yalnız tarixi bir məsələ deyil. Onların hər birinin bir hekayəsi, ailələri, uşaqları, anaları, xatirələri var. Onları tapmaq, hətta vəfat etmiş olsalar belə, ailələri ilə birləşdirmək, DNT analizləri vasitəsilə kimliklərini müəyyənləşdirmək çox vacibdir".
Türk Dövlətləri Təşkilatı (TDT) daxilində bu istiqamətdə əməkdaşlığ aparılması məsələsinə gəldikdə isə, H.Yıldırım bunun mümkünlüyündən söz açıb:
"Əlbəttə, mümkündür. Azərbaycan Ədliyyə Nazirliyi ilə Türkiyə Cümhuriyyəti Ədliyyə Nazirliyi bütün sahələrdə razılaşmalara sahibdir. Hər zaman deyirik, biz iki qardaş ölkəyik. Bu sahədə də qanunvericilik və texniki əməkdaşlıq işlərimiz davam edir, lazımi həssaslığı birgə göstəririk. Ancaq talnız Azərbaycan və Türkiyə deyil, TDT -yə daxil olan bütün türk dövlətləri bu istiqamətdə birgə fəaliyyət göstərə bilər".