Timur Pistryuqa: Minatəmizləmə ərazilərin bərpasının təməlidir

Xarici siyasət
  • 02 sentyabr, 2026
  • 16:38
Timur Pistryuqa: Minatəmizləmə ərazilərin bərpasının təməlidir

Ərazilərin minalardan təmizlənməsi onların bərpasının əsas şərtidir, çünki bu, əhalinin qayıtması, təhsilin və səhiyyənin inkişafı, investisiyaların cəlb edilməsi və yerli icmaların normal həyatının bərpası üçün imkanlar yaradır.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Mina Təmizləmə Assosiasiyasının rəhbəri Timur Pistryuqa IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

O, həmçinin minatəmizləmə zamanı prioritetlərin düzgün müəyyən edilməsinin vacibliyini qeyd edib. Pistryuqanın sözlərinə görə, ərazilərin genişmiqyaslı çirklənməsi şəraitində uğuru yalnız təmizlənmiş sahələrin sayı ilə qiymətləndirmək olmaz.

O bildirib ki, Ukrayna hökuməti minatəmizləmənin ən böyük sosial və iqtisadi səmərə verə biləcəyi əraziləri müəyyən etmək üçün milli məlumatları və süni intellekti birləşdirən, məlumatlara əsaslanan GRID prioritetləşdirmə sistemini hazırlayıb.

"Biz sadəcə minatəmizləmədən real təsir və nəticənin yaradılmasına keçid etməliyik", - o bildirib.

Pistryuqa əlavə edib ki, yalnız minalardan təmizləmə kifayət deyil. İnsanların qayıdışı prosesi əhalinin mina riskləri barədə maarifləndirilməsi ilə müşayiət olunmalıdır, çünki söhbət təkcə məlumatların yayılmasından deyil, həm də davranışın dəyişdirilməsindən və təhlükəsizliyin təmin edilməsindən gedir.

O, həmçinin minalardan zərərçəkənlərə kompleks yardımın göstərilməsi və onların cəmiyyətə reinteqrasiyasının zəruriliyini vurğulayıb.