Sudan səfiri Əl-Faşir şəhərində baş verənləri Xocalı soyqırımına bənzədib

Xarici siyasət
  • 01 noyabr, 2025
  • 11:43
Sudan səfiri Əl-Faşir şəhərində baş verənləri Xocalı soyqırımına bənzədib

Sudanın Azərbaycandakı səfiri Ənəs Eltayeb Elqaylani Mustafa Əl-Faşir şəhərində baş verənləri Xocalı soyqırımına bənzədib.

"Report" xəbər verir ki, diplomat "Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)" haqqında keçirilən mətbuat konfransında Əl-Faşirdə hər gün minlərlə insanın qətliama məruz qaldığını bildirib:

"Müdafiəsiz mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirilir. Ancaq dünyanın digər böhranlarına münasibətdə beynəlxalq ictimaiyyətin Əl-Faşir soyqırımına münasibəti ləngiyir. Hazırda şəhərə humanitar yardımın çatdırılmasını təmin etmək üçün təcili tədbirlərə ehtiyac yaranıb. Hazırda Sudanda yaşananlar müdafiəsiz, dinc insanlara qarşı törədilmiş ən dəhşətli soyqırım kimi tarixə həkk olunur. Bu hadisələr bölgəyə də təsir etməkdədir".

Ənəs Eltayeb Elqaylani Mustafa bildirib ki, beynəlxalq səviyyədə qətnamələr qəbul olunsa da, hələ də icrasının təmin edilməsi üçün siyasi iradə ortaya qoyulmur:

"Əl-Faşirdə son bir neçə gündə 2000 insan qətlə yetirilib, xəstəxanalarda müalicə alan şəxslər öldürülüb. Silahlılar qadağan edilmiş silahlardan, dronlardan istifadə edirlər. Onlar Çad, Liviya, Kolumbiya, Nigeriya və digər ölkələrdən olan muzdluları da öz sıralarına cəlb ediblər. Bu məsələ beynəlxalq təhlükəsizliyə də təhdid yaradır".

Səfir vurğulayıb ki, Sudan hökumətinin münaqişənin həlli üçün dövlətlərin və təşkilatların təkliflərinə cavabı hər zaman müsbət olub:

"Ancaq silahlı üsyançı qüvvələr bütün təkliflərə həmişə rədd cavabı verib".

Eyni zamanda, mətbuat konfransında Əl-Fəşir şəhərindəki hadisələri əks etdirən videogörüntü nümayiş etdirilib. Ənəs Eltayeb Elqaylani Mustafa baş verənləri Xocalı soyqırımı ilə eyniləşdirib:

"Bu izlədiyiniz görüntülər 1992-ci ildə törədilmiş Xocalı soyqırımına çox bənzəyir".

Xatırladaq ki, Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında üçüncü ildir davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı evlərindən didərgin salıb və ölkənin əksər hissəsini aclıq həddinə çatdırıb.

Məlumata görə, 2024-cü ilin mayında Sudanın Əl-Faşir şəhərində mühasirə başlayandan bəri ölənlərin ümumi sayının 14 mindən çoxdur.

Hazırda Sudanda 18 yaşayış məntəqəsi silahlı üsyançılar tərəfindən dağıdılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti