Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır

Elm və təhsil
  • 28 oktyabr, 2026
  • 12:16
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır

Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar sənədi hazırlanır.

"Report" xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya" mövzusunda keçirilən sessiyada elm və Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev deyib.

O bildirib ki, sənədin bu ilin sonuna qədər tamamlanması planlaşdırılır:

"Yeni sənəd fərqli yanaşmanı nəzərdə tutur. Yeni standartlarda elə bir yanaşmaya keçmişik ki, bu, mədəniyyətlərarası dialoqa və rəqəmsal vətəndaşlığa ciddi təsir göstərəcək. Bunu nəyə əsasən deyə bilərəm? İlk növbədə, yeni sənəddə səriştələr üzrə əlavə çərçivə olacaq. Bu çərçivədə vətəndaşlıq ayrıca bir səriştə kimi müəyyənləşdirilir. Bu isə irəliyə doğru atılmış çox mühüm addımdır".

E.Əliyev bu məsələdə yeni yanaşmanın fənlərarası xarakter daşıdığını vurğulayıb:

"Bu yanaşma çərçivəsində bütün fənlərin birgə inkişaf etdiriləcəyi ümumfənlərarası bacarıqlar nəzərdə tutulur. Yəni bu səriştələr üzərində yalnız bir fənn deyil, müxtəlif fənlər öz tədrisi çərçivəsində işləyəcək. Buraya mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq da daxildir. Bildiyiniz kimi, yeni səriştələrə yanaşma dörd əsas komponentdən ibarətdir: bilik, bacarıqlar, münasibətlər və dəyərlər. İbtidai siniflərdən başlayaraq orta və yuxarı siniflərədək məktəbin bütün pillələrində, eləcə də hər bir fəndə bu komponentlər inteqrasiya olunacaq. Başqa sözlə, bilik, bacarıq, münasibət və dəyərlər hər bir fənnə, hər sinif səviyyəsinə və məktəbin bütün pillələrinə daxil ediləcək".