Səudiyyə Ərəbistanının şahzadəsi WUF13-də insanların ehtiyacları əsasında mənzil tikməyə çağırıb

Xarici siyasət
  • 19 may, 2026
  • 11:47
Səudiyyə Ərəbistanının şahzadəsi WUF13-də insanların ehtiyacları əsasında mənzil tikməyə çağırıb

Mənzillə təminat yanaşması konkret icmanın ehtiyacları əsasında qurulmalı, tam hüquqlu sosial və iqtisadi dəstək ekosisteminin yaradılması ilə müşayiət olunmalıdır.

"Report"un məlumatına görə, bunu Səudiyyə Ərəbistanının şahzadəsi Lamiyə bint Macid Əl Saud – UN-Habitat-ın ərəb dövlətlərində regional xoşməramlı səfiri – Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) "Mənzilin sosial və iqtisadi gücü" panel müzakirəsi çərçivəsində bəyan edib.

Onun sözlərinə görə, Səudiyyənin "Alwaleed Philanthropies" xeyriyyə fondu artıq bütün dünyada ehtiyacı olanlara 1,2 milyon mənzil vahidi təqdim edib, eyni zamanda hər bir layihə yerli əhalinin xüsusiyyətlərinə və ehtiyaclarına uyğunlaşdırılır.

"Hər şey konkret icmanın ehtiyaclarından asılıdır. Dünyanın istənilən ölkəsində layihələr həyata keçirərkən biz yerli icmalara həmişə hörmətlə yanaşırıq. İnsanların ehtiyaclarını, tələb olunan mənzilin növünü, onun yerləşdiyi yeri öyrənirik. Bundan əlavə, bu məsələ ətrafında bütöv bir maliyyə ekosistemi yaradırıq", - o bildirib.

Nümunə olaraq şahzadə Fransa təşkilatı ilə Afrikada həyata keçirilən birgə layihəni göstərib. O bildirib ki, layihə çərçivəsində isti iqlim üçün hazırlanmış "Nubiya mənzili" texnologiyasından istifadə edilib.

Şahzadənin sözlərinə görə, mənzil və nəqliyyat, xüsusən də qadınlar üçün sosial və iqtisadi sabitliyin mühüm alətləri kimi nəzərdən keçirilir:

"Mənzil şəxsi layihəni inkişaf etdirmək üçün özünəməxsus bir mərkəzə çevrilə bilər. Eyni məsələ avtomobillərə də aiddir. Avtomobillərin əksəriyyətini biz qadınlara təqdim edirik. Onlar avtomobillərdən yalnız hərəkət etmək üçün deyil, həm də əlavə qazanc əldə etmək, məsələn, müxtəlif taksi xidmətlərində işləmək üçün istifadə edirlər".

Şahzadənin sözlərinə görə, bu cür təşəbbüslərin əsas məqsədi insanları qorunma hissi ilə təmin etmək və insan ləyaqətini qoruyub saxlamaqdır.