Səudiyyə Ərəbistanından olan iş adamları Qarabağa səfər edəcəklər
- 11 sentyabr, 2026
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanından olan bir qrup iş adamı Qarabağ bölgəsinə səfər edərək investisiya imkanları və potensial layihələrlə tanış olmağı planlaşdırır.
Bu barədə "Report"a Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli bildirib.
"Bir qrup iş adamı burada hansı layihələrə investisiya yatıra biləcəklərini müəyyənləşdirmək üçün Qarabağa gəlməyi planlaşdırır", - diplomat bildirib.
Səfir həmçinin Qarabağda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, hər səfəri zamanı burada yeniliklər gördüyünü qeyd edib.
"Bu, yəqin ki, mənim Qarabağa artıq onuncu səfərimdir. Hökumət burada həqiqətən çox fəal işləyir. Çoxlu obyektlər - iki və ya üç xəstəxana, universitet, mədəniyyət mərkəzi tikilib. Hazırda dəmir yolu vağzalı və avtovağzalla bağlı işlər aparılır", - səfir qeyd edib.
Diplomat Səudiyyə Ərəbistanı və Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayıb və regionda aparılan işlərin miqyasından məmnunluğunu ifadə edib.