NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
- 29 noyabr, 2026
- 01:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Futbol Federasiyası (FIFA) ilk laureatı 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp olan sülh mükafatını ləğv etmək və ya adını dəyişdirmək imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti futbol qurumunun üç yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, FIFA bu yaxınlarda xüsusi komitəyə mükafatın təsis edilməsi ilə bağlı şəraiti və onun gələcək fəaliyyətinin məqsədəuyğunluğunu araşdırmağı tapşırıb.
Qəzetin iki həmsöhbəti mükafatın konsepsiyasına yenidən baxılmasını FIFA prezidenti Canni İnfantinonun Donald Trampla yaxın münasibətlərindən doğan narahatlığın artması, eləcə də gələcək laureatların kim olacağı ilə bağlı qeyri-müəyyənliklə əlaqələndirib.
FIFA sülh mükafatının təsis edildiyini 2025-ci il noyabrın 5-də elan edib. Mükafatın hər il sülh naminə insanları birləşdirmək istiqamətində müstəsna töhfə vermiş şəxslərə təqdim olunması nəzərdə tutulurdu.
Mükafatın ilk laureatı Donald Tramp olub. O, mükafatı 2025-ci il dekabrın 5-də 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı alıb.