Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
- 29 noyabr, 2026
- 02:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 29-da Qazaxıstanda yerli nümayəndəli hakimiyyət orqanları olan bütün səviyyələrdəki məclislərə (maslihatlara) deputatların növbədənkənar seçkiləri keçiriləcək.
"Report" xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 228 maslihatda 3 447 deputat mandatı uğrunda 10,9 mindən çox namizəd mübarizə aparacaq.
Namizədlərin 9,7 mindən çoxu birmandatlı seçki dairələri üzrə qeydə alınıb, daha 1,2 min nəfər isə partiya siyahılarına daxil edilib.
Səsvermənin təşkili üçün 10,3 mindən çox seçki məntəqəsi yaradılıb. Seçici siyahılarına 12,6 milyondan çox vətəndaşın adı daxil edilib. Onlayn səsvermə nəzərdə tutulmayıb.
Seçkilər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin oktyabrın 12-də bütün səviyyələrdəki maslihatların buraxılması haqqında fərman imzalamasından sonra təyin edilib.
Budəfəki səsvermə ölkədə ilin əvvəlindən keçirilən üçüncü seçki prosesi olacaq. Bundan əvvəl mart ayında yeni Konstitusiya ilə bağlı referendum, avqustda isə birpalatalı parlamentə – Qurultaya seçkilər keçirilib.
Maslihat deputatları beş il müddətinə seçilirlər. Onların səlahiyyətlərinə yerli büdcələrin və ərazilərin inkişaf proqramlarının təsdiqi, eləcə də yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət daxildir.
Qazaxıstanda maslihat deputatlarına sonuncu seçkilər 2023-cü ildə keçirilib.