Sergeyenko: AQEM təhlükəsizlik arxitekturasının ən inklüziv platformalarından biridir
- 15 oktyabr, 2026
- 14:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) formalaşmaqda olan təhlükəsizlik arxitekturasında ən inklüziv platformalardan biridir.
"Report" xəbər verir ki, bunu Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq münasibətlər etimad və əməkdaşlıqla deyil, silahlanmanın artırılması və yeni sədlərin qurulması ilə getdikcə daha çox xarakterizə olunur.
"Bu baxımdan, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə formalaşmaqda olan təhlükəsizlik arxitekturası çərçivəsində ən inklüziv platformalardan biridir. Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi üzrə çoxtərəfli yanaşmaların işlənib hazırlanması yolu ilə əməkdaşlığın genişləndirilməsi məqsədi ölkəmizin xarici siyasətinin prioritetlərindən biridir", - deyə o bildirib.
Onun sözlərinə görə, Belarus Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin fəaliyyətinin Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi digər regional və beynəlxalq təşkilatlarla sinxronlaşdırılması üzrə təşəbbüslərin təşviq edilməsinin tərəfdarıdır.
"Hesab edirəm ki, bu, Avrasiya məkanında vahid logistika marşrutları, ticarət preferensiyaları, sənaye və iqtisadi zəncirlər sisteminin yaradılması üzrə səyləri keyfiyyətcə birləşdirməyə imkan verəcək", - o əlavə edib.
Sergeyenko həmçinin qonaqpərvərliyə və sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.