Seneqal Dakar-2026 Olimpiadasını şəhər transformasiyası aləti hesab edir

Xarici siyasət
  • 20 may, 2026
  • 14:41
Seneqal Dakar-2026 Olimpiadasını şəhər transformasiyası aləti hesab edir

Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları Seneqal üçün təkcə idman hadisəsi deyil, həm də ölkənin uzunmüddətli şəhər, sosial və ərazi transformasiyası aləti olmalıdır.

"Report"un məlumatına görə, bunu Seneqalın Şəhərsalma, Yerli Hakimiyyət Orqanları və Ərazi İnkişafı Nazirliyinin nümayəndəsi Seku Omar Dyedu Bakıda keçirilən WUF13 çərçivəsində panel müzakirəsi zamanı bildirib.

"Bu, Seneqal üçün təkcə idman tədbiri kimi deyil, ilk növbədə, şəhər, sosial və ərazi transformasiyası aləti kimi ən mühüm tarixi hadisədir", - o vurğulayıb.

Dyedunun sözlərinə görə, əlçatan idman infrastrukturu və davamlı fiziki aktivlik mədəniyyətinin formalaşması Olimpiadanın əsas irsi olmalıdır.

O vurğulayıb ki, idman əsas şəhər xidməti kimi nəzərdən keçirilməlidir.

Dyedunun sözlərinə görə, tədbirə hazırlıq çərçivəsində Dakar hakimiyyəti artıq şəhərin bütün 19 bələdiyyəsində çoxfunksiyalı idman meydançaları inşa edir.

Bundan başqa, UN-Habitat-ın dəstəyi ilə ölkənin digər bələdiyyələrində də idman məkanları yaradılır.

O, həmçinin infrastrukturun yalnız paytaxtda cəmləşməsi riskləri ilə bağlı xəbərdarlıq edib.

"Bunun qarşısını almaq üçün Dakar-2026 bütün ölkə üzrə irs qoymalıdır ki, təkcə Dakar deyil, həm də daxili regionlar bu investisiyaların təsirini hiss etsin", - o vurğulayıb.