Səfir: Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq yaxın 3-4 ildə aktiv inkişaf edəcək

Xarici siyasət
  • 21 avqust, 2026
  • 12:09
Səfir: Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq yaxın 3-4 ildə aktiv inkişaf edəcək

Böyük Britaniya və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq yaxın 3-4 ildə aktiv şəkildə inkişaf edəcək.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlıq möhkəm olaraq qalır, eyni zamanda tərəflər geniş əməkdaşlıq sahələrini əhatə edəcək sənəd üzərində işləyirlər.

"Daha əvvəl ikitərəfli münasibətlərin səviyyəsinin strateji tərəfdaşlığa qədər yüksəldildiyi elan edilmişdi. Hazırda biz siyasi və iqtisadi əməkdaşlıq, müdafiə sahəsində qarşılıqlı fəaliyyət və digər sahələr də daxil olmaqla, geniş istiqamətləri əhatə edən sənədlər üzərində işləyirik", - diplomat bildirib.

O qeyd edib ki, sənəd Azərbaycan hökuməti ilə birgə hazırlanır.

"Sənəd üzərində iş başa çatdıqdan sonra ölkələr arasında strateji tərəfdaşlıq praktiki icraya keçəcək", - səfir vurğulayıb.

O, həmçinin qeyd edib ki, 2025-ci ildə Böyük Britaniyanın Azərbaycanda daimi hərbi attaşesinin təyin edilməsi ikitərəfli əməkdaşlığın inkişafında mühüm addım olub.

"Bu, həqiqətən də önəmli bir addımdır. Yaxşı xəbər isə bundan ibarətdir ki, o, burada işləməyə davam edir", - D.Norman bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq yeni bir istiqamətdir:

"İstənilən yeni münasibətlərdə olduğu kimi, kiçikdən başlamaq və onları tədricən inkişaf etdirmək lazımdır. Biz hazırda məhz bununla məşğuluq. Əminəm ki, yaxın üç-dörd il ərzində əməkdaşlığımız əhəmiyyətli dərəcədə genişlənəcək. Mən buna Böyük Britaniya və Azərbaycan arasında münasibətlərin inkişafının perspektivli istiqamətlərindən biri kimi baxıram".