Sara Tonuççi: CAMCA şəbəkəsi 10 ölkədən 300-dən çox iştirakçını bir araya gətirir

Xarici siyasət
  • 01 oktyabr, 2026
  • 09:54
Sara Tonuççi: CAMCA şəbəkəsi 10 ölkədən 300-dən çox iştirakçını bir araya gətirir

CAMCA şəbəkəsinin 300-dən çox iştirakçısı bütün regionda və onun hüdudlarından kənarda fəaliyyət göstərərək müxtəlif tədbirlər və təşəbbüslər vasitəsilə regional əməkdaşlığın inkişafına kömək edir.

"Report" xəbər verir ki, bu barədə Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuççi 2026-cı il CAMCA Regional Forumunun gündəliyinə həsr olunmuş tədbirdə bildirib.

"Bu regional istedadlar şəbəkəsi həqiqətən unikaldır. O, Xəzər dənizindən Monqolustan çöllərinə qədər bütün 10 ölkəni birləşdirir, regionun müxtəlif sahələrdən olan qabaqcıllarını, novatorlarını və liderlərini əlaqələndirir", - o qeyd edib.

Tonuççinin sözlərinə görə, şəbəkə iştirakçılarını dostluq, hörmət, ortaq təcrübə, həmçinin regionun qarşılıqlı əlaqəli və birgə inkişafının vacibliyinə inam əsasında qurulmuş möhkəm münasibətlər birləşdirir.

O qeyd edib ki, Ramsfeld Fondu lap əvvəldən öz proqramının iştirakçıları arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirib.

"Bu gün burada belə bir şəbəkənin həqiqətən mövcud olduğunu təsdiqləmək çox xoşdur. Əminik ki, o, CAMCA regionunun gələcəyinin formalaşmasında getdikcə daha mühüm rol oynamağa davam edəcək", - Tonuççi bildirib.

O, həmçinin göstərdiyi qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını bildirib və tədbirin yenidən bu ölkədə keçirilməsinin CAMCA icması üçün böyük şərəf olduğunu vurğulayıb.

44 - Tezliklə