Sahibə Qafarova: Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib
- 29 oktyabr, 2025
- 10:18
Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, ötən əsrin sonlarında Azərbaycana qarşı hərbi təcavüz və daxili böhran dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı:
"Belə bir məqamda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş konstitusiyada xalqın suverenliyi, qanunun aliliyi və digər əsas amillər əsas götürüldü".
S.Qafarova Azərbaycan ərazilərinin 30 illik işğaldan azad olunması ilə suverenliyinin tam bərpa edildiyini vurğulayıb:
"Bildiyiniz kimi, ölkəmizin beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi 30 il işğal altında olub. 2020-ci ilin Vətən müharibəsi, 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bərpa edildi".
Spiker qeyd edib ki, hazırda parlament diplomatiyası sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndiirlməsində böyük rol oynaya bilər:
"Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib. Birgə səylərlə yeni çağırışlara qoşulmaq və bütün dünyada sülh və sabitliyi təmin etmək mümkündür. Hazırda parlament diplomatiyası ən yumşaq güc hesab oluna bilər".
Milli Məclisin sədri Azərbaycan konstitusiyasının ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün xalqlarla dostluq və əməkdaşlığı təbliğ etdiyini diqqətə çatdırıb.