Rixard Raşi Sahibə Qafarovanı Slovakiyaya səfərə dəvət edib
- 13 may, 2026
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Slovakiya parlamentinin sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarovanı Bratislavaya səfərə dəvət edib.
"Report"un məlumatına görə, o, bu barədə Sahibə Qafarova ilə birgə keçirilən mətbuat konfransında bildirib.
"Hörmətli xanım Sədr, hörmətli həmkarlar, bugünkü konstruktiv dialoqa görə bir daha səmimi təşəkkürümü bildirir, gələcək əməkdaşlığı və sizin ölkəmə səfərinizi səbirsizliklə gözləyirəm" - R.Raşi deyib.
Rixard Raşi həmçinin məmnunluqla vurğulayıb ki, bu gün Azərbaycan və Slovakiya parlamentləri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb:
"Bu sənəd uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl yaradır. Memorandum komitələr səviyyəsində intensiv əməkdaşlıq, parlament nümayəndə heyətləri və qanunvericilik orqanlarının administrasiyaları arasında ən yaxşı təcrübə mübadiləsi üçün zəmin formalaşdırır".
Spikerin sözlərinə görə, onun Bakıya səfərinin əsas məqsədi iki ölkənin parlamentləri arasında münasibətlərin möhkəmləndirilməsidir.
O vurğulayıb ki, tərəflər qanunvericilik orqanları arasında bütün səviyyələrdə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Raşi həmçinin xatırladıb ki, bugünkü görüş sədr Qafarovanın 2021-ci ildə Slovakiyaya səfərinin davamıdır.
Onun sözlərinə görə, parlamentlər "xalqlar arasında vacib körpü" rolunu oynadığı üçün parlament diplomatiyasının əhəmiyyəti böyükdür.