Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib

Fərdi
  • 20 oktyabr, 2026
  • 17:50
Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib

Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib.

Bu barədə "Report"a Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətindən bildirilib.

12–16 yaşlı idmançılar hündürlüyü 70-80 sm olan maneələri dəf etməkdə yarışıblar. Birinciliyin reqlamentinə əsasən, qələbə uğrunda mübarizədə qalmaq üçün idmançılar ilk fazada vaxt nəzərə alınmadan 6 maneəni səhvsiz keçməli idilər. Sonrakı maneələr isə həm dəqiqliyə, həm də zamana hesablanıb.

Cavid Qurbanəliyev "Burla" ləqəbli atla 24,54 saniyə nəticə göstərərək birinciliyin qalibi olub. Melissa Gedik 27,95 saniyə göstərici ilə 2-ci, Nərgiz Abbaszadə 28,53 saniyə ilə 3-cü yeri tutub. Hər iki idmançı bu uğuru "Saqamo" ləqəbli atla qazanıb. Bu idmançılar finiş xəttini cərimə balı olmadan keçiblər. İlk "beşliy"i "Ayla" atı ilə Mədinə Məmmədova və "Patent" atı ilə Arzu Qəmbərova tamamlayıb.

17–21 yaşlı idmançılar hündürlüyü 90-100 sm olan maneələri dəf etməkdə qüvvələrini sınayıblar. Bu mübarizədə yalnız 3 nəfər ilkin fazanı cəriməsiz adlayıb. Samirə Baxşiyeva "Savalan MNM" atı ilə mütləq dəqiqlik göstərərək birinciliyin qalibi olub. Bu kateqoriyada Əhəd Məmmədov "Nabat" atı ilə 2-ci, Valeriya Roşenko isə "Fine Chocolate" atı ilə 3-cü nəticəni göstərib.

Qaliblərə kubok, medallar, həmçinin Azərbaycan Respublikası Atçılıq Federasiyasının və Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.