Azərbaycanda içki istehsalçısının xalis mənfəəti 45 % azalıb

Biznes
  • 20 oktyabr, 2026
  • 17:53
Azərbaycanda içki istehsalçısının xalis mənfəəti 45 % azalıb

Azərbaycanda içki istehsalı ilə məşğul olan "A+CO" ASC 2025-ci ili 774 min manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 45,1 % azdır.

Ötən il "A+CO"nun vergiyəqədərki mənfəəti 968 min manat (əvvəlki ilə nisbətən 38,3 % az), mənfəət vergisi ödəmələri isə 194 min manat (23,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "A+CO"nun aktivləri 79 milyon 501 min manat olub ki, bu da illik müqayisədə 18,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 19,5 % azalaraq 77 milyon 401 min manata düşüb, balans kapitalı isə 58,4 % artaraq 2 milyon 100 min manata çatıb.

Xatırladaq ki, "A+Co" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmdarı 100 % Elbrus Nəbiyevdir.