Rəhman Çişti: Din xadimləri itkin düşmüş şəxslərin axtarışında mühüm rol oynaya bilər
- 07 oktyabr, 2026
- 14:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Din xadimləri itkin düşmüş şəxslərin tapılması istiqamətində mühüm rol oynaya bilər.
"Report" xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin sabiq deputatı və bu ölkənin Xarici İşlər Ofisində sabiq nazir Rəhman Çişti "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans" çərçivəsində keçirilən panel sessiyada deyib.
O, Azərbaycan hökumətinin itkin düşmüş şəxslər məsələsini dünya miqyasında diqqətdə saxlamasının və bu istiqamətdə beynəlxalq səviyyədə liderlik etməsinin təqdirəlayiq olduğunu vurğulayıb:
"Ötən il Qarabağa səfər zamanı əldə etdiyim təcrübədən bilirəm ki, həmin ərazidə 1,5 milyon mina yerləşdirilib. Azərbaycan hökumətinin minalarla bağlı məsələni həll etmək üçün dünyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla birlikdə gördüyü işlərin qarşısında böyük bir problem dayanır. Bu problem öz növbəsində itkin düşmüş şəxslərin müəyyənləşdirilməsi imkanlarına da təsir göstərir".
R.Çiştinin sözlərinə görə, dünya son onilliklər ərzində heç vaxt olmadığı qədər təhlükəli vəziyyətdədir:
"Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, dünyada 130 silahlı münaqişə mövcuddur, 60 ölkə isə müharibələrin cəngindədir".
O hesab edir ki, din xadimləri itkin düşmüş şəxslərin axtarışında mühüm rol oynaya bilərlər:
"Araşdırmalara əsasən, yer üzündəki təxminən 8,3 milyard insanın 75-76 faizi özünü bu və ya digər dinə mənsub hesab edir. Buna görə də dünyanın dini liderləri insanları ümumi rifah naminə bir araya gətirməkdə mühüm rol oynaya bilərlər".