Ramil Həsən: TÜRKPA parlament diplomatiyasının inkişafı istiqamətində mühüm addımlar atır
- 21 noyabr, 2025
- 13:04
TÜRKPA parlament diplomatiyasının inkişafı, strateji əməkdaşlıq, qanunvericilik orqanları arasında qarşılıqlı fəaliyyət, qanunların uyğunlaşdırılması və ümumi qanunvericiliyin qəbul edilməsi istiqamətində mühüm addımlar atır.
"Report" xəbər verir ki, bu barədə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin qurumun yaradılmasının 17-ci ildönümü barədə yazdığı təbrik mesajında qeyd olunub.
O, təbrikində qeyd edib ki, atılacaq addımlar Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyəni, eləcə də yaxın gələcəkdə bu ölkələrə qoşulması gözlənilən Özbəkistan və Türkmənistanı əhatə edəcək:
"Bu fəaliyyətlər strateji müttəfiqliyimizə, əməkdaşlığımıza və milli maraqlarımıza tam uyğun şəkildə həyata keçirilir, ölkələrimizin beynəlxalq münasibətlər sistemində ədalətli mövqeyinin müdafiəsinə xidmət edir və gələcəyə doğru inamla irəliləyir. Əminəm ki, qarşıdakı illərdə birliyimiz daha da möhkəmlənəcək və TÜRKPA xalqlarımız arasında parlamentlərarası əməkdaşlıq və dostluq körpüsünü daha da genişləndirəcək".