QMİ sədri: ABŞ və Azərbaycan dini konfessiyaları arasındakı dostluq iki xalqın mənafeyinə xidmət edir

Xarici siyasət
  • 04 oktyabr, 2025
  • 16:22
QMİ sədri: ABŞ və Azərbaycan dini konfessiyaları arasındakı dostluq iki xalqın mənafeyinə xidmət edir

Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələri, qarşılıqlı səfərlər, birgə tədbir və müştərək layihələr mənəvi əhəmiyyət kəsb edib, hər iki xalqın mənafeyinə xidmət edir.

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-də İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbərliyi ilə görüşündə deyib.

ABŞ-Azərbaycan arasında yüksələn xətlə inkişaf edən əlaqələri yüksək qiymətləndirən Şeyxülislam bu tərəqqidə hər iki ölkə prezidentlərinin rolunu qeyd edib:

"Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-nin davamlı səyləri yüksək dəyərləndirilməlidir. Avqustun 8-də keçirilən Vaşinqton zirvəsi bu dəyərli səylərin, ABŞ Prezidenti Donald Trampın sülh işinə şəxsi dəstəyinin nəticəsidir. A.Paşazadə Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddi və mənəvi dəstəyə görə də minnətdarlığını bildirib".

QMİ sədri görüşdə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Prezidenti Dallin Oksu Azərbaycana dəvət edib.

D. Oks isə çıxışında bildirib ki, islam və müsəlmanlarla əlaqələrin inkişafı rəhbərlik etdiyi kilsə üçün əsas prioritetlərdəndir. O, Azərbaycana səfər dəvətini minnətdarlıqla qəbul edib.

Qeyd edək ki, görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və Milli Məclisin deputatı Cavanşir Paşazadə də iştirak ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti