Qabonlu nazir: WUF13 müzakirə olunan təhlükəsiz mənzil təminatı səfərbərlik çağırışıdır
- 17 may, 2026
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) müzakirə olunan təhlükəsiz mənzil təminatı səfərbərlik çağırışıdır.
"Report" xəbər verir ki, bunu Qabonun mənzil, yaşayış mühiti, şəhərsalma və torpaq reyestri naziri Mays Lloyd Mouissi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.
Onun sözlərinə görə, WUF13-də bu gün müzakirə olunan "Dünya üçün mənzil təminatı, təhlükəsiz və dayanıqlı icmaların qurulması" iqlimə bağlı fövqəladə vəziyyəti qarşısında səfərbərlik çağırışıdır:
"Mənzil məsələsi əhali üçün problem deyil, inkişaf vasitəsi olmalıdır. Dünya mənzil böhranı ilə üz-üzədir. Hazırda 3 milyarddan çox insanın yaşayış şəraiti yaxşı deyil və 300 milyondan çox insan evsizdir. Bu problem enerji böhranı ilə daha da dərinləşib. Hesablamalara görə, bu gün hələ də 600 milyon insan elektrik enerjisisiz yaşayır. Qabon da bu vəziyyətə qarşı həssasdır. Ölkəmiz xüsusilə şəhər ərazilərində güclü demoqrafik təzyiq və ciddi struktur çatışmazlıqları ilə üzləşir. Əhali artımı mənzilə çıxışı və əsas xidmətlərin təmin olunmasını daha da çətinləşdirir. Daşqınlar və digər təbii fəlakətlər kimi problemlər vəziyyəti daha da ağırlaşdırır. Torpaq hüquqları və dayanıqlılıq mühüm məsələlərdəndir".
Nazir bildirib ki, hazırda Qabon hökuməti torpaq siyasətinin modernləşdirilməsini prioritet seçib:
"Mənzil sektorunu dəstəkləmək məqsədilə xüsusi fond yaratmışıq. İnvestisiyalar dövlət-özəl tərəfdaşlığı hesabına həyata keçirilir. Hazırda minlərlə yaşayış vahidi tikilir və onların bir hissəsi artıq ölkə üzrə istifadəyə verilib".
Qabon rəsmisi sonda WUF13-ün təşkilinə görə Azərbaycana təşəkkür edib.