Nqiem Vu Hay: Bakıda təhsil almış bir çox vyetnamlı böyük uğurlar qazanıb
- 20 noyabr, 2026
- 09:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda təhsil almış bir çox vyetnamlı sonradan yüksək dövlət vəzifələri tutub və peşəkar fəaliyyətlərində əhəmiyyətli uğurlar qazanıblar.
"Report"un Hanoya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə Vyetnam və Azərbaycan Dostluq Assosiasiyasının fəxri prezidenti, ölkənin elm və texnologiyalar nazirinin keçmiş müavini Nqiem Vu Hay (Nghiem Vu Khai) bildirib.
"Mən Bakıya 1970-ci ilin avqustunda gəlmişəm. O vaxt 17 yaşım var idi, məktəbi yeni bitirmişdim. Bir il hazırlıq kurslarında rus dilini öyrəndim, sonra isə Bakı Dövlət Universitetinə daxil oldum. Orada beş il oxudum və diplom aldım", - o qeyd edib.
Onun sözlərinə görə, Bakıda təhsil alarkən vyetnamlı tələbələr yerli sakinlərdən, müəllimlərdən və həmkarlarından hərtərəfli dəstək alıblar: "O zaman Vyetnamda ağır müharibə gedirdi. Azərbaycanlılar, xüsusən də Bakı sakinləri bizə rəğbət bəsləyir və oxumağımız, yaşamağımız üçün gözəl şərait yaradırdılar. Mən o günləri hələ də həyəcanla xatırlayıram".
1976-cı ildə universiteti bitirdikdən sonra Ngiem Vu Hay Vyetnama qayıdıb və universitetdə dərs deməyə başlayıb. Onun sözlərinə görə, Bakıda əldə etdiyi bilik və təcrübə sonradan Yaponiyada təhsil almasında və gələcək peşəkar fəaliyyətində ona kömək edib.
Nqiem Vu Hay Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən də danışıb. O, 2014-cü ilin mayında dövlət başçısının qarşısında Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları adından çıxış edib.
"Düşünürəm ki, Azərbaycanda təhsil almış keçmiş tələbələrin görüşə gəlməsi prezidentdə böyük təəssürat yaratdı", - o bildirib.
Xəbər yenilənir