Azərbaycanda aqronomların diqqət yetirməli olduğu əsas istiqamətlər açıqlanıb
- 20 noyabr, 2026
- 09:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda aqronomlar diqqətini beş əsas istiqamətə yönəltməlidirlər.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" adlı konfransda bildirib.
Onun sözlərinə görə, birincisi, keyfiyyətli toxumdan istifadə ilə bağlıdır: "Məlum olduğu kimi, yaxşı məhsul yaxşı toxumdan başlayır. Bu il qəbul edilmiş "Toxumçuluq haqqında" qanun və toxumluq sahələrinin rəqəmsal aqrobazası yerli toxumçuluğun inkişafı üçün yeni imkanlar yaradır. Hər bir aqronom fermerlərə sertifikatlı və rayonlaşdırılmış sort və hibridlərin seçilməsində düzgün istiqamət verməlidir".
S.Səfərli qeyd edib ki, ikinci istiqamət torpaq və su ehtiyatlarından səmərəli istifadədir: "Torpaq analizlərinə əsaslanan gübrələmə, düzgün növbəli əkin, müasir suvarma sistemləri və lazer hamarlama həm məhsuldarlığı artırır, həm də resurslara qənaət etməyə imkan verir. Azərbaycanda müasir suvarma sistemləri tətbiq olunan sahələrin 300 min hektara çatdırılması nəzərdə tutulur. Bu prosesdə aqronomluq xidmətinin keyfiyyəti həlledici rol oynayacaq".
O vurğulayıb ki, üçüncüsü, inteqrə olunmuş bitki mühafizəsi ilə əlaqədardır: "Zərərvericilər və xəstəliklərlə mübarizədə məqsəd kimyəvi preparatların istifadəsini artırmaq deyil, monitorinq, erkən xəbərdarlıq, bioloji və aqrotexniki tədbirləri birləşdirən elmi yanaşmaları tətbiq etməkdir. Dördüncüsü, rəqəmsallaşmadır. Bu alətlərin real fayda verməsi üçün onları fermerlərə izah edən və birbaşa tarlada tətbiq edən mütəxəssislərə ehtiyac var".
Nazir müavini söyləyib ki, beşinci istiqamət isə bilik və təcrübə mübadiləsidir: "Gənc aqronomların hazırlanması, elmi-tədqiqat institutları, universitetlər və özəl sektor arasında təcrübə mübadiləsinin gücləndirilməsi bizim üçün prioritetdir".