Nigar Arpadarai: Mənzil böhranı inkişaf etmiş ölkələrə də təsir edib

Xarici siyasət
  • 22 may, 2026
  • 14:17
Nigar Arpadarai: Mənzil böhranı inkişaf etmiş ölkələrə də təsir edib

Mənzil böhranı həm inkişaf etməkdə olan ölkələr, həm də dünyanın inkişaf etmiş ölkələri üçün reallığa çevrilib.

"Report" xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim üzrə yüksək səviyyəli lideri, Milli Məclisin deputatı Nigar Arpadarai WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Parlamentari vurğulayıb ki, dünyadakı mövcud vəziyyət pisləşməyə doğru gedir: "Hazırda təxminən 3 milyard insan qeyri-adekvat mənzillə təmin olunub və bu bərabərsizlik sürətli urbanizasiya, münaqişələr və iqlim dəyişikliyi səbəbindən daha da dərinləşəcək. Mənzil böhranı təkcə inkişaf etməkdə olan yox, həm də inkişaf etmiş zəngin ölkələr üçün reallığa çevrilib".

N.Arpadarainin sözlərinə görə, iri banklar və investorlar meqapolislərdəki əmlakları satın alaraq və qiymətləri süni şəkildə qaldıraraq problemi daha da ağırlaşdırırlar: "Orta təbəqə dünyanın ən böyük paytaxtlarında belə öz maaşı ilə mənzil sahibi ola bilmir. Biz bu faktı etiraf etməliyik".

Onun sözlərinə görə, bu problemin həlli üçün milyonlarla ailəyə köklü şəkildə fərqli maliyyə alətləri lazımdır: "Bizə ucuz və uzunmüddətli maliyyələşməyə çıxış lazımdır".

Deputatın sözlərinə görə, COP29 komandası qlobal proses iştirakçılarından mühüm addımların atılmasına nail ola bilib, lakin sistemli dəyişikliklər üçün bu, hələ də azdır: "COP29-da biz tərəflərin öhdəliklər qəbul etməsinə nail olduq, lakin bu, kifayət deyil. Biz bu həcmləri trilyonlarla dollara qədər artırmalıyıq".

N.Arpadarai qeyd edib ki, beynəlxalq ictimaiyyət bu investisiyaların Qlobal Cənubun ən həssas icmalarına çatmasına zəmanət verməyə borcludur.

44 - Tezliklə