ABŞ Rusiyanın "kölgə donanması"na qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir
- 15 oktyabr, 2026
- 08:35
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Trampın administrasiyası yükdaşıma tariflərini azaltmaq məqsədilə Rusiyanın "kölgə donanması"na qarşı sanksiyaların yumşaldılması imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əvvəllər sanksiyalara məruz qalmış gəmilərə "qanuni neftin" daşınmasına icazə verilməsi müzakirə olunur. Söhbət ABŞ-ın sanksiyalarına daxil olmayan xam neft və neft məhsullarından gedir. Rəsmi şəxs vurğulayıb ki, bu, məhdudiyyətlərin tətbiq edildiyi Rusiya və İran neftinə aid deyil.
Təşəbbüsün məqsədi Fars körfəzindən daha çox xam neft və neft məhsullarının daşınmasını təmin etməkdir. Rəsmi şəxsin bildirdiyinə görə, sanksiyalara məruz qalmış gəmilərdən istifadə etmək istəyən şirkətlər bunun üçün ABŞ Maliyyə Nazirliyindən müvafiq icazə almalıdırlar.
ABŞ Energetika Nazirliyindən isə bildirilib ki, "kölgə donanması"na qarşı məhdudiyyətlərin yumşaldılması Rusiyaya neft və neft məhsullarını daşımaq imkanı verməyəcək.
Dənizçilik sektorundakı mənbələrin sözlərinə görə, məhdudiyyətlərin yumşaldılması Hörmüz boğazında növbəli daşımalar üçün az sayda əlavə tankerin istifadəyə verilməsinə imkan yarada bilər. Bununla belə, bu addımın yükdaşıma tariflərinin genişmiqyaslı azalmasına səbəb olacağı ehtimalı azdır.
Mənbələr bunu sığorta şirkətlərinin Avropa İttifaqı və Böyük Britaniyanın qaydalarına əməl etmək öhdəliyinin qüvvədə qalması ilə izah ediblər.